Qumarbazlar
Rəşad Ergün
Bu, komediya deyil, nədir? Azərbaycan Premyer Liqasında cəmi 8 komanda mübarizə aparır, amma AFFA İcraiyyə Komitəsində üzvlərin sayı 13 olacaq. 13 qalstuklu adam. AFFA-nın baş katibi Elxan Məmmədovun gecə yatıb, səhər tətbiq etmək istədiyi qərarlara “ləbbeyk” deyəcək 13 hər şeydən razı şəxs.
Ölkəmizin futbol ictimaiyyəti, idman jurnalistləri AFFA-nın dünənki konfransında qəbul edilən qərarları müzakirə etməklə məşğuldurlar. Elxan Məmmədov baş katib postunu icraçı vitse-prezident vəzifəsinə dəyişəcək? Baş katibin səlahiyyət dairəsi bir qədər də genişlənəcək? Dünənki qərarlar AFFA-nın prezidenti postunda dəyişikliyə hesablanıb? Və başqa suallar, başqa ehtimallar, başqa fərziyyələr.
O günlərdə, uşaq komandasında çalışan Mehman Səfərov ad-soyadlı məşqçinin Komanda.az saytında müsahibəsi işıq üzü görmüşdü. Əməkdaşımız sual verir ki, “Uşaq futbolunda turnir cədvəlində yuxarı pillələri tutmaq əsas deyil, əsas uşaq yetişdirməkdir. Siz necə düşünürsüz?” Səfərovun cavabı Azərbaycanda futbola münasibəti və bu oyunun bizdəki gələcəyini gözlər önünə sərir: “Bizim valideynlər, futbolumuzun içindəki bəzi adamlar bir-iki oyun uduzan kimi deyirlər ki, bu nədir? Deməli, komandada iş getmir ki, gedib uduzub gəlirsiz. Mən də məcbur oluram, hesaba oynayım ki, uşaq, valideyn həvəsdən düşməsin”.
İndi siz deyin, AFFA prezidenti dəyişsə, hətta sosial şəbəkədə fotolarını paylaşıb “Elxan istefa” yazdığınız Elxan Məmmədov da futbolun hesabına ciblərini doldurmaqdan əl çəkib, çıxıb getsə, hər şey düzələcək? Məsələn, yeni rəhbərlik azərbaycanlı valideynlərin beyinlərinə müdaxilə edib, “uşaqlarınızın gələcəyi ilə oynamayın” deyə biləcək? Kimsə ortaya çıxıb, baxçada, məktəbdə müəllimlərə rüşvət verib “gözün mənim uşağımın üstündə olsun” deyən Azərbaycan insanının – ataların, anaların düşüncələrini, yanaşmalarını, nə bilim, baxışlarını söküb ata bilər?
AFFA-nın dünənki konfransından sonra Elxan Məmmədovun verdiyi açıqlamalardan biri də oyun alveri ilə bağlı idi. Baş katib deyir ki, bizim məmləkətdə təkcə futbol adamları, futbolçular yox, digər idman növlərinin nümayəndələri də oyun alverinə qurşanıb. Yəni futbol üzrə Azərbaycan çempionatlarında keçirilən oyunların nəticələrini dəyişmək üçün təkcə futbolçular, məşqçilər yox, başqa idman növlərindən olanlar da qollarını çırmalayıb, düşüblər ortaya, pul qazanırlar. Azərbaycan futbolunu və ya Azərbaycanda futbolu qumara qoyanların sayı-hesabı yoxdur.
Yunis Hüseynov adlı tanınmış məşqçimiz var. Yadımdadır, illər əvvəl onun səhv etmirəmsə, “Futbol+” qəzetində bir açıqlaması var idi. Oyun alverindən danışmışdı, “Neftçi”də çıxış edərkən rəqib komandanın futbolçusuna oyunu satmaları üçün barmağındakı üzüyü təklif etdiyini etiraf etmişdi. İndi hansı azərbaycanlı jurnalisti, azarkeşi dindirsən, Hüseynovu tərifləyər, qaldırıb qoyar dağın başına.
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev barədə isə hazırda ortalıqda görünməyən Nadir Qasımov vaxtı ilə “Komanda” qəzetinə bir açıqlama vermişdi. Demişdi ki, Tuayev “Neftçi”nin, mən isə “Bakılı”nın baş məşqçisi olanda aramızda oyun alıb-vermək söhbəti olmuşdu. Tuayev Qasımovu aldadıb ki, sən bizə çempionatda oyun ver, mən də sənə kubokda (əksi də ola bilər, tam yadımda deyil o hissə). Nadir Qasımov yana-yana danışırdı ki, Tuayev məni aldatdı, mən ona danışdığımız kimi, oyunu verdim, o vermədi.
Belə… Həmin Tuayev indi Azərbaycan futbolunda danışılmış oyunlara qarşı rəşadətlə mübarizə apardığını elan edən Elxan Məmmədovun İcraiyyə Komitəsinin iclaslarında başda oturur.
Azərbaycan futbolunun təpəsində – AFFA-da dəyişiklik olsun, mən də razı. Amma Azərbaycan insanının beynində, ürəyində də dəyişiklik olmalıdır. Oğruları, satqınları, alverçiləri əl üstündə gəzdirib, məclislərdə başda oturdan xalqın futbolu da olmaz, gələcəyi də!
Bizi Facebook-da izləyin