Ronaldo ilin ən yaxşısı seçildi

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası “Globe Soccer Awards” versiyası üzrə 2019-cu ilin ən yaxşılarının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, qaliblərin kimliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təltifetmə mərasimində açıqlanıb.

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo ən yaxşı futbolçu adına layiq görülüb. O, digər namizədlər Lionel Messi (Argentina, “Barselona”), Məhəmməd Salah (Misir, “Liverpul”) və Vircil van Deyki (Hollandiya, “Liverpul”) qabaqlayıb.

Qadın futbolçular arasında ən yaxşı adına Lüsi Bronz (İngiltərə) layiq görülüb. O, Aleks Morqan və Meqan Rapino (hər ikisi ABŞ) və Amandin Anrini (Fransa) üstələyib.

“Liverpul” (İngiltərə) ən yaxşı klub adına layiq görülüb. Premyer Liqa təmsilçisi “Ayaks”ı (Hollandiya) və Fransanın qadınlardan ibarət “Olimpik” (Lion) klubunu qabaqlayıb.

İlin ən yaxşı məşqçisi Yurgen Klopp (“Liverpul”) seçilib. Almaniyalı mütəxəssis Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haqdan (“Ayaks”) üstün olub.

İlin kəşfi nominasiyasında Joao Feliks (“Atletiko”) qalib adına yiyələnib. Portuqaliyalı forvard digər namizədlər Ansu Fati (“Barselona”), Erlinq Holand (“Zalsburq”), Ceydon Sançodan (“Borussiya”, Dortmund) öndə qərarlaşıb.

“Yuventus”un bosniya və herseqovinalı futbolçusu Miralem Pyaniç və Uels millisinin baş məşqçisi Rayan Giqqz karyeralarındakı nailiyyətlərə görə xüsusi mükafat alıb.

Portuqaliyalı Jorje Mendeş ilin agenti, braziliyalı Alisson Bekker (“Liverpul”) ilin qapıçısı, “Mançester Siti” və SAP arasında partnyorluq ilin əməkdaşlığı, Stefani Frappart ilin hakimi, Andrea Berta (“Atletiko”) ilin idman direktoru adına layıq görülüb. Ən yaxşı akademiya adını isə “Ayaks” və “Benfika” qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button