
Elxan Səmədov “Qəbələ”yə veriləcək 50 min manatdan, Qubada oynamağın mümkünsüzlüyündən danışdı – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– 2025/26 mövsümü PFL üçün hansı çətinliklərlə yadda qaldı?
– İş olanda yerdə çətinliklərsiz mümkün deyil. Sözsüz ki, bu il də istisna olmadı. Əsas çətinlik infrastrukturla bağlı oldu. Aşağı liqalarda menecment məsələlərini də qeyd edə bilərəm. Amma bunlar da bütün ölkələrdə rast gəlinən problemlərdir. Ümumilikdə isə, əksəriyyət tərəfindən aldığımız geridönüşlərə əsasən də demək olar ki, bütün liqalarda maraqlı mövsüm izlədik. Bunları eşitmək xoş təəssürat yaradır.
(Foto: 2-ci Liqanın mükafatlandırılma mərasimindən)

– Mövsüm ərzində xüsusilə, infrastruktur problemləri ilə bağlı tez-tez narazılıqlar səsləndirilirdi. Bu baxımdan vəziyyəti necə dəyərləndirirsiz?
– Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu problem ildən ilə ötürülür. Və bu sahədə nəzərə çarpacaq irəliləyiş qeydə ala bilməmişik. Yeni stadionların, təlim-məşq bazalarının tikintisi və s. böyük investisiya tələb edir. Təəssüf ki, klublarımızın əksəriyyətinin hazırda belə bir imkanları yoxdur. Lakin ümid edirik ki, gələcəkdə bu problem öz həllini tapacaq.
(Foto: 1-ci Liqanın mükafatlandırılma mərasimindən)

– Ən çox müzakirə olunan klublardan biri “İmişli” idi. Xüsusilə, Quba şəhər stadionunun vəziyyəti ilə bağlı iradlar səslənirdi.
– Hava şəraitindən asılı olaraq, çempionatın gedişatında demək olar bütün stadionlarımızda çətinliklər yaşanır. Quba stadionunda da oxşar durumla üz-üzə qaldıq. Heç vaxt bununla bağlı özümüzə haqq qazandırmağa çalışmamışıq. Öncə də qeyd etdiyim kimi, təəssüf ki, infrastrukturla bağlı çətinliklər qalmaqdadır. AFFA İcraiyyə Komitəsinin qərarı stadionlarla bağlı bir il müddətinə güzəşt etmək idi. Həmin il artıq geridə qalıb. Buna görə də, Qubadakı stadionun hazırkı vəziyyətini nəzərə alaraq, bu il həmin arenanı Premyer Liqa oyunlarını keçirmək üçün qəbul edə bilmərik.
– “İmişli”nin prezidenti Kamran Eyyubov açıqlama verib ki, gənclər və idman naziri Fərid Qayıbovla aparılan müzakirələrdən sonra Quba stadionunda drenaj sisteminin qurulması planlaşdırılır. Bu açıqlama klubun yaxın perspektivdə İmişliyə qayıtmaq fikrində olmadığını göstərir. PFL olaraq bu məsələni necə dəyərləndirirsiz?
– Bununla bağlı qəti bir fikir demək yanlış olar. Öncə də qeyd etdiyim kimi, stadionun hazırkı durumu növbəti mövsüm üçün keçərli deyil. Şifahi danışıqlara əsasən nəsə deməyi doğru saymıram.
– Mövsümün əvvəlində yerli futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?
– AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/26-cı illər mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiqliklə təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub “Qəbələ”dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri “Sumqayıt”, üçüncü yeri isə “Şamaxı” tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən “Karvan-Yevlax” klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcəsinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.
(Foto: Azərbaycan kubokunun finalı)

– Gələn mövsüm Premyer Liqaya qoşulacaq “Şəfa” barədə nə deyə bilərsiz? Onların çempionata qatılması liqaya nə vəd edir? İnfrastruktur və təşkilati baxımdan Premyer Liqa tələblərinə uyğunluğu sizi qane edirmi?
– “Şəfa” komandasının çıxışı barəsində əvvəlcədən nəsə demək çətindir. Çünki biz başa düşürük ki, 1-ci Liqada çıxış etmiş komanda yüksək liqada çıxış edəcək komanda olmayacaq. Onların yüksək liqaya necə hazırlaşdıqlarını isə biz hamımız birlikdə yaxın gələcəkdə görəcəyik. İnfrastruktur baxımından isə, paytaxt komandası olduqlarına görə, yəqin ki, hansısa stadionla müqavilə bağlayıb oyunlarını orada keçirəcəklər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



