
“Lion” Endrikdən əl çəkmək istəmir
Ötən mövsümün ikinci yarısını “Real”dan icarə əsasında “Lion”da keçirən braziliyalı hücumçu Endriki Fransa klubu yenidən heyətinə qatmağı arzulayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ötən mövsüm “Lion”da keçirdiyi qısa müddətdə komandanın əsas simalarından birinə çevrilə bilib. O, Fransa təmsilçisinin heyətində iştirak etdiyi bütün turnirlərdə 21 oyunda 8 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Endrik peşəkar karyerasında ilk het-trikini də məhz “Lion”da rəsmiləşdirib.
Klubun texniki direktoru Mateu Luis-Can yeni icarə müqaviləsinin mümkünlüyünü tam istisna etməsə də, hazırkı vəziyyətdə bunun çox çətin olduğunu etiraf edib. Məsələ ondadır ki, transfer hüquqları “Real”a məxsus olan Endrik yeni mövsümdə Madrid təmsilçisinin əsas heyətində möhkəmlənməyi qarşısına məqsəd qoyub.
“Lion”dakı uğurlu çıxışı forvardın yenidən Braziliya millisindən dəvət almasına şərait yaradıb və o, dünya çempionatı öncəsi yığmaya çağrılıb.
Bizi Facebook-da izləyin


