Zaur Axundovun əndrəbadi qərarları, geriyə yuvarlanan “Araz-Naxçıvan”

“Araz-Naxçıvan” ötən mövsüm Azərbaycan Premyer Liqasında tarixinin ən parlaq səhifələrindən birini yazdı. Naxçıvan təmsilçisi 58 xal toplayaraq çempionatı turnir cədvəlinin 3-cü pilləsində başa vurdu və ilk dəfə adını avrokuboklarda çıxış edəcək komandalar siyahısına saldı. Bu, sadəcə turnir cədvəlində tutulan yer deyildi – bu, klub tarixində bir mərhələnin aşılması idi. Bu uğurun arxasında duran əsas fiqurlardan biri isə baş məşqçi Elmar Baxşıyev idi. Sistem, səbr, düzgün planlama… “Sürgün həyatı” yaşayan komandanı avrokuboklara çıxarmaqla Baxşıyev məhdud imkanlarla maksimuma nail ola bildi.

“Araz-Naxçıvan” məhz bu komponentlərin hesabına UEFA Konfrans Liqasına vəsiqə qazandı. Avrokuboklar da komanda üçün yad səhnə idi. Buna baxmayaraq, naxçıvanlılar Konfrans Liqasında bir mərhələ adlamağı bacardı. Növbəti mərhələdə “Omoniya”ya (Kipr) ağır məğlubiyyət? Bəli. Amma bu, faciə deyildi. Bu, Avropa təcrübəsi olmayan bir klub üçün qaçılmaz dərs idi. Bu məğlubiyyət faciə yox, təcrübə idi.

Avrokuboklarla vidalaşdıqdan sonra “Araz-Naxçıvan” diqqətini yenidən Premyer Liqaya yönəltdi. Mövsümün startı isə qənaətbəxşdən də artıq idi. İlk 9 turda cəmi bir məğlubiyyət. O da hazırda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ”dan. Bu faktın özü belə, komandanın harada olduğunu göstərirdi.

Düzdür, 9-cu turdan sonra müəyyən eniş hiss olunurdu. Amma futbol elə oyundur ki, yüksəlişlər olduğu kimi, enişlər də qaçılmazdır. Elmar Baxşıyevin dediyi kimi: “İstənilən komandada eniş və yüksəliş dövrü olur”. Üstəlik, Baxşıyevin komandası avrokubok zonasından cəmi 2 xal geri qalırdı. Yəni, vəziyyət düzəlməz deyildi, əksinə, bu geriliyi aradan qaldırmaq mümkün idi.

Bu məqamda klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov səhnəyə çıxdı. Sabit olmayan nəticələr fonunda qəzəblənən Axundov tələsik qərarla Baxşıyevi “artıq səninlə işləmək istəmirik” deyərək, yola salıdı. Hansı məntiqlə? Hansı arqumentlə? Hansı alternativ planla? Bu sualların cavabı hələ də yoxdur. İndi yəqin, Axundovun özü də bu qərarın məntiqini tam izah edə bilmir. Görünən odur ki, klub rəhbəri hazırda tələsik qərarın bədəlini ödəyir.

Tarixində ilk dəfə komandanı avrokuboklara çıxaran baş məşqçini mövsümün gedişində, real böhran olmadan göndərmək yaxşı idarəçilik yox, özünə zərbə vurmaqdır. Futbol səbr oyunudur. Səbrin olmadığı yerdə nəticə də olmur.

Axundov bununla da kifayətlənmədi və daha bir “parlaq qərar” verdi. Baş məşqçi postunu ciddi uğurları olmayan ukraynalı Andrey Demçenkoya tapşırdı. Bununla da, növbəti yerli mütəxəssis işsiz qaldı. “Araz-Naxçıvan” isə yeni mərhələyə keçmədi, əksinə, geriyə yuvarlandı.

Demçenkonun gəlişindən sonra komanda keçirdiyi iki oyunda mümkün olan 6 xaldan cəmi 1-ni qazana bilib. O xal da Premyer Liqaya yeni yüksələn debütant “İmişli” ilə matçda, son saniyələrdə vurulan qolla əldə edildi. Həmin epizoddan dərhal sonra hakim oyunu bitirdi. Belə ki, bu xal da təsadüf idi. Son turda isə “Neftçi”dən alınan böyükhesablı məğlubiyyət (0:4) artıq hər şeyi açıq göstərdi.

Bu mənzərənin günahını yalnız baş məşqçidə axtarmaq da sadəlövhlük olardı. Burada əsas məsuliyyət qərar verəndədir. Zaur Axundov emosiyalarla idarə olunan klub modelinin canlı nümunəsini ortaya qoydu. Futbol isə emosiyanı yox, planı sevir.

“Araz-Naxçıvan” üçün sual indi başqadır: klub inkişaf yolunu seçəcək, yoxsa, hər enişdə panikaya düşüb, kimlərisə qurban verməyə davam edəcək? Cavabı zaman verəcək. Amma bir şey dəqiqdir, bu mövsüm yaşananlar idarəçilik dərsi kimi tarixə düşəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button