
“Kamp Nou”da tribunalara su axması narazılığa səbəb olub
İspaniya çempionatı çərçivəsində keçirilən “Barselona” – “Ovyedo” matçı (3:0) zamanı “Kamp Nou” stadionunda yaşananlar ölkədə ciddi müzakirələrə yol açıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində televiziya kameraları tribunada əyləşən, yağışdan qorunmaq üçün açıq çətir altında oturmağa məcbur qalan azarkeşləri tez-tez kadra alıb.
Bu məqam İspaniya mediasında və ictimaiyyətində qalmaqallı şəkildə şərh olunub. Səbəb isə aydındır: stadionun təmirinə təxminən 800 milyon avro vəsait xərclənib, “Barselona” bir neçə il ərzində doğma arenasından istifadə edə bilməyib. Buna baxmayaraq, yağışlı havada tribunaların üzərinə su axması azarkeşlərin haqlı narazılığına səbəb olub.
“Kamp Nou” 1957-ci ildə inşa olunub və UEFA-nın dördüncü – ən prestijli stadion kateqoriyasına daxildir. Arena indiyədək Avropa və dünya çempionatlarının oyunlarına, eləcə də Olimpiya futbol turnirinin matçlarına ev sahibliyi edib.
Məhz belə bir statusa və nəhəng büdcəli yenidənqurmaya baxmayaraq, stadionda hələ də elementar infrastruktur problemlərinin qalması İspaniyada “Barselona” rəhbərliyinə ünvanlanan tənqidlərin əsas mövzusuna çevrilib.
Bizi Facebook-da izləyin



