
Füzuli Məmmədov: “Əminəm ki, daha yaxşı komanda olacağıq”
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 14-cü turunun “Şamaxı” ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyət haqda bunları deyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik, bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha iki oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq.
Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, onlar çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.
Azarkeşlər haqlıdırlar, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək”.
Bizi Facebook-da izləyin



