Qurban Qurbanov: “Atletik”in oyun tempinə davam gətirmək istəyirik”

“Bizim üçün çox vacib oyundur. Yaxşı komandaya qarşı mübarizə aparacağıq”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü turunda “Atletik”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib:

“Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. “Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik”in oyun tempinə davam gətirmək istəyirik”.

O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib:

“Ola bilsin, formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Axundzadə ilə Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik”.

Qurbanov “Qarabağ”ın Çempionlar Liqası matçlarına çoxsaylı türkiyəli azarkeşlərin gəldiyini vurğulayıb:

“İstər Bakıda, istərsə də səfərdəki qarşılaşmalarımıza qardaş ölkənin futbolsevərləri təşrif buyururlar. Onların hər birinə öz təşəkkürümüzü bildiririk. Mövcud vəziyyət bizim məsuliyyətimizi bir qədər də artırır. Belə olan halda matçlara daha həvəslə hazırlaşırıq”.

“Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button