Nəhayət, özgənin deyil, öz sözünü deyən milli üzvləri

Fəxri Rüstəmli

Azərbaycan millisinin üzvlərindən gələn son açıqlamalar göstərir ki, komanda daxilində artıq ab-hava tamamilə dəyişib. Ukrayna yığması ilə oyundan əvvəl keçirilən mətbuat konfransında səslənən fikirlər bunu bir daha təsdiqlədi. Baş məşqçi Ayxan Abbasovun çıxışı milli üzvlərinin düşüncələrinə və inamına aydın işıq saldı:

“Futbolçularıma bir kəlmə dedim, dedim ki, İslandiya ilə oyunu çox vacib edə bilərik. Çox istəyərdim ki, evdə islandlara qarşı oyun çox vacib olsun”.

Bu cümlə, bəlkə də, sadə səslənir, amma arxasında həm inam, həm də məsuliyyət var. Bu cümlənin meydandakı iştirakçıya təsiri ölçüyə gəlməz bir gücə qadirdir. Bu cümlələri eşidən oyunçunun meydanda nələr edə biləcəyini, bəlkə, təsəvvür belə etmək olmaz. Abbasov rəhbərliyində olan futbolçuların gücünə bələddir, nəyə qadir olduqlarını da adı kimi bilən biridir. Bilir ki, onları “tərpətmək”, onlarda hansısa gücü yaratmaq məşqlərlə də olar, amma artıq ona vaxt yoxdur. Elvinin, Toralın, Nərimanın və başqalarının xüsusiyyətlərini əzbər bilir. Bəlkə də, ona görə hazırkı durumda psixoloji yöntəmin ən yaxşı variant olduğunu düşünür. Düz edirmi? Bəli, düz edir.

İnam uğurun yarısıdır deyirlər, amma milli bu uğura nail olmaq üçün o yarını üstələməli olduğunu da dərk etməlidir. Abbasov artıq futbolçularına təkcə oyun oynamaq deyil, onu dəyərli etmək mesajı verir. Bu, son illərdə milli komandamızda çox az eşitdiyimiz bir yanaşmadır.

Ayxan Abbasovun çıxışı və davranış tərzi bir çox baxımdan əvvəlki məşqçilərdən fərqlənir. İllərlə milli komandanın “sükanı arxasında” olan əcnəbi mütəxəssislər mətbuat qarşısında çox vaxt eyni sözləri təkrar edir, şablon cavablarla çıxış edirdilər. Hiss olunurdu ki, fikirlər ürəkdən deyil, hazır cümlələrdir. İndi isə vəziyyət fərqlidir: hər kəlmə təbii səslənir, hər cümlə oyunöncəsi gərginliyi deyil, inamı göstərir.

Bu dəyişikliyin kökündə bir məqam dayanır: komandada inam yaranıb. Hər şey axışına buraxılıb, amma bu axış da nəzarətsiz deyil. Baş məşqçi futbolçuların düşüncə sərbəstliyini qoruyur, eyni zamanda istiqamət verir. Belə bir mühitdə oyunçuların özlərini ifadə etməsi, məsuliyyəti bölüşməsi daha asan olur.

Bugünkü qarşılaşma bir oyundan çox şeyi ifadə edir. Həm futbolçular, həm də azarkeşlər üçün bu matç sanki, yeni bir başlanğıcın sınağıdır. Uğur qazanılarsa, təkcə qrupdakı vəziyyət deyil, milli komandaya baxış da dəyişəcək. İllərdir arzuladığımız milli ruh bəlkə də, məhz bu oyunda özünü tapacaq.

İndi əsas olan bir şeydir: bu inamı qorumaq. Çünki belə bir atmosfer yaranmamışdı. Azərbaycan millisinin üzvləri nəhayət, kiminsə deyil, öz sözlərini danışmağa başlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button