
AFFA-nın uzun ayağı
Rəşad Ergün
Azərbaycan futbolunun yaşadığı bəlalarda, rüsvayçılıqlarda Fernandu Santuşun çayxanaçı Məmməd kişidən də az payı, rolu var.
Santuşun Azərbaycan millisində nə işi var? Hər kəs yorğanına görə ayağını uzatmalı deyilmi? Bizim “yorğanımız” – milli komandamızın boyu da, dili də, nəticələri də hədsiz qısadırsa, ayağımızı niyə bu qədər uzadırıq? O qədər uzadırıq ki, gedib Portuqaliya millisi ilə, Kriştiano Ronaldo ilə Avropa çempionu olan məşqçinin üstünə çıxır. “Jiquli”yə BMV motoru qoymaq olmaz, AFFA bunu heç vaxt anlamadı, qəbul etmədi. İndi buyurun, qovun getsin Santuşu. Azərbaycanın ətək-ətək pullarını yeyən daha bir Avropa çempionu – Berti Foqts dərs olmadı sizə.
Azərbaycan millisini kimin çalışdrması çox da önəmli deyil əslində. Bu komandada forma geyinən futbolçuların səviyyələri, potensialları ortadadır. Amma bu xalqın (?) pullarını foqtslara, santuşlara, yurçeviçlərə, prosineçkilərə yedirtmək də olmaz. Az məvaciblə yerli məşqçilərdən birini millinin “sükanı arxasına” gətirmək və sonra… Doğrusu, mənə görə, Azərbaycan futbolunda söz sahibi olanların ağlı, zəkası, vizyonu ilə və bu futbolçularla “sonra” deyilən bir şey yoxdur. İrəlidə bozluq və boşluq görünür.
Bu arada, baş qarışdı İslandiya ilə oyuna, Santuşa, Ayxan Abbasovlu U-21 millisinin Portuqaliyaya 0:5 hesablı məğlubiyyəti kölgədə qaldı. Dünən Portuqaliyaya böyük hesabla uduzan bu futbolçular sabah Azərbaycanın əsas milli komandasının üzvləri olacaq. Sabah AFFA yenə hansısa bir Santuşu gətirəcək millinin “sükanı arxasına” və biz ondan dünən Portuqaliyaya 0:5 hesabı ilə uduzan “futbolçular”la möcüzə yaratmasını tələb edəcəyik. Öz günahlarımıza, öz qaranlığımıza başqalarını – Santuş və onun kimi başqa əcnəbiləri şərik etməyək, bulaşdırmayaq. Bu bizim bataqlığımızdır, bizim qaranlığımızdır. Ya boğulacağıq, ya da…
Bizi Facebook-da izləyin



