“Mafioz”un biri getdi, o biri gəldi

Vüsal “Aydın” Qəmbərov

“Şkındiya” (Shkëndija məhz belə oxunur) bir daha sübut etdi ki, arxı tullanmamış “hop” demək özünü gülünc hala salmaq üçün ideal bir həmlədir. Xüsusilə, futbolda. Yəqin bildiz ki, söhbət FCSB-nin prezidenti Cici Bekalinin özündənmüştəbeh sözlərinin cəzasını çəkməsindən gedir.

Düzdür, “Transfermarkt”-in dəyərlərinə çox önəm vermirəm, amma ən azından bu məlumat çox şeyi deyir: FCSB-nin əsas hücumçusu Bilricanın (Bilrigea – rumınlar onun soyadını belə tələffüz edir) bazar dəyəri (6,4 milyon avro) “Şkındiya”nın heyətinin cəmindən (5,5 milyon avro) çoxdur. Bu isə o deməkdir ki, haqlı olaraq hər kəsin favorit gördüyü FCSB bəlkə də, elə sahibinin yekəxanalığının qurbanı oldu.

Bu dəfə mən sizə FCSB – “Şkındiya” duelinin maraqlı başqa tərəflərindən bəhs edəcəm.

Dünən oyuna baxdım və onu deyə bilərəm ki, FCSB daha səliqəli oynasa da, hücumdakı Alibec, Bilrica kimi böyük adlar belə, qələbəyə bəs etmədi. Ya zəlzələdən, ya vəlvələdən, FCSB yenə ikinci turnirə yuvarlandı.

Klubların sahiblərinin şübhəli dosyelərini nəzərə alanda hər cür ssenarinin mümkünlüyünü qeyd edim və keçim elə klubların sahibləri və sahibliyi məsələsinə.

Diqqətinizi çəkibsə, rumın azarkeşlər sosial mediada israrla bu klubun “Styaua” Buxarest yox, FCSB olduğunu yazır. “Ef-si-es-bi” demək ağıza yatmadığı və “Styaua” böyük marka olduğu və üstəlik klubun həmin “Styaua” ilə əlaqəsi olduğu üçün avtomatik olaraq çox əcnəbi bu adı istifadə edir. Amma hekayə çox maraqlı, qalmaqallı və mafiatikdir.

Kommunist Rumıniyanın ordusu tərəfindən qurulan “Styaua” bir növ SSRİ-nin ÇSKA-sı kimi bir şey idi. Onların da qarşısında “Dinamo” adlı bir klub əzəli rəqib kimi dayanmışdı. Böyük futbolçular yetişdirmiş və heyətinə cəlb etmiş klub Çempionlar Kubokunu qazanmağı belə, bacarmışdı. Amma kommunist rejim çökəndən sonra Rumıniya klub futbolunda xaos başladı və əvvəlki gücünü itirdi. 2000-ci illərin əvvəllərində özəlləşdirmə ilə Rumıniyanın klub futbolunda reform edildi. “Styaua”nı özəlləşdirən qalmaqallı iş adamı Cici Bekali oldu.

Özəlləşdirmə çox qısa müddətdə öz təsirini göstərdi və 2005/06 mövsümündə “Styaua” ilə “Rapid” UEFA Kubokunun 1/4 finalında üz-üzə gəldilər, birincilər qalib oldu. Buxarestlilər yarımfinalda ancaq evdə 1:0 üstün oldular, “Middlsbro”ya səfərdə 2:4 uduzdular və iştiraklarını dayandırdılar. Rumıniya növbəti iki mövsümdə UEFA əmsallar cədvəlində 7-ci yerə qədər yüksəldi. 

Sonrakı illərdə bu tempi saxlaya bilməyən Rumıniya klubları 2019-da əmsallar cədvəlində 29-cu yerə qədər düşdülər. Həmin mövsümü biz də Rumıniyadan yuxarıda tamamlamışdıq.

Son bir neçə ildə isə, xüsusilə, FCSB “hücum”a keçib və klubun inkişafına ciddi pullar ayrılır. Düzdür, heyətin əsası yenə rumın futbolçulardan ibarətdir, amma onların bazar dəyərləri və maaşları da yüksəkdir.

İndi qayıdaq, “Styaua” məsələsinə.

2016-cı ildə Bekali məhkəməyə verilir. Onun “Styaua” markasını haqsız yerə mənimsədiyi iddia olunur və ali orqan iddianı dəstəkləyir. Cici müəllim 35 milyon avro cərimələnir və elə bu pulların əsasında “CSA Styaua Buxarest” yenidən yaradılır. Ən aşağı liqadan Rumıniya futbol çempionatına daxil olur. Və hazırda həmin klub Rumıniya ikinci liqasında çıxış edir.

“Styaua”nın fan ordusu FCSB-nin əsl “Styaua” olmadığını deyir və hər zaman ikinci liqadakı klubu dəstəkləyir. Maraqlıdır ki, FCSB “Dinamo”, “Kluj” kimi əzəli rəqibləri ilə oynayanda və avrokubok matçlarında azarkeşlər stadionu doldursalar da, qalan oyunlarda FCSB-ni dəstəkləyən çox az olur. Məsələn, dünən “Şkındiya” ilə oyunu 32 min nəfər izləyib, ötən mövsüm “Dinamo” ilə matçda tribunalarda 37 min nəfər olub. Amma məsələn, 9 fevralda “Sepsi” ilə oyunu cəmi 5157 nəfər izləyib. Açığı, bir az qəribə gəldi, amma rumınların seçiminə hörmət edək.

FCSB-nin “Vikipediya” səhifəsi isə bu klubu keçmiş “Styaua” olaraq göstərir. Yəni, məhkəmə öz qərarını versə də, UEFA və FİFA hazırda ikinci liqada olan “Styaua”nı vaxtilə Çempionlar Kubokunu muzeyinə aparan klub olaraq təsdiqləsə də, FCSB sahibləri dinc durmur. Belə bir qalmaqallı klub…

Bizə qismət olan isə Bekalinin yox, Destaninin klubu oldu. “Şkındiya” Şimali Makedoniya albanlarının qürur mənbəyi olan klubdur. Heyətində Şimali Makedoniya, Albaniya və Kosova pasportuna sahib 20-yə yaxın etnik alban var.

Nazif Destani “Ecolog” şirkətinin sahibi olan, güclü əlaqələrə sahib və Almaniya ordusuna təchizat edən iş adamıdır. O 2013-də klubu öhdəliyinə götürəndə komanda böyük böhran içərisində idi və batmaq təhlükəsi yaşayırdı. Amma onunla “Şkındiya” qısa müddətdə Avropa arenasında sözünü deməyə başladı və o səs-küylü mövsümlərdən birində də “Neftçi”ni üstələmişdi. Hələ ondan sonra da Çexiyanın “Mlada”sını keçib, “Gent”ə “ilişmişdilər”. Növbəti mövsüm də Avropa Liqasında pley-offa qədər çatıb, bu dəfə “Milan” tərəfindən turnirdən kənarlaşdırılmışdılar. 2015-ci ildən bəri “Şkındiya” hər mövsüm avrokuboklara vəsiqə qazansa da, 4 dəfə Şimali Makedoniya çempionu olsa da, nəhayət, bu mövsüm əsas mərhələyə yüksəlməyi bacardılar.

İstər heyət, istər ənənə baxımından “Şkındiya” FCSB-dan daha zəifdir. Yəni, “Qarabağ” üçün daha sərfəli rəqibdir. Üstəlik, onların iddiası da rumınlar qədər yüksək deyil.

İnanıram ki, “Şkındiya” öz maksimumuna çatıb və artıq bu mərhələdə dayanmalıdır… dayandırılmalıdır…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button