![](https://komanda.az/wp-content/uploads/2025/02/affa-milli-780x470.jpg)
Limit dəyişikliyi azərbaycanlı futbolçuların Avropaya yolunu açacaq? – YAZI
Əmir
Növbəti mövsümdən legioner limitinin ləğvi ilə bağlı qərar artıq qəbul edilsə də, müzakirələr bitmək bilmir. Müzakirə olan yerdə inkişaf da olar. Limitin ləğvinin müsbət və mənfi cəhətləri də aylardır müxtəlif aspektlərdən müzakirə edilir, bu istiqamətdə açıqlamalar verilir.
Limitin ləğvinin tərəfində olanların arqumenti bu qərarın əsas müsbət cəhətlərindən biri kimi yerli futbolçuların rəqabət mühitində daha çox inkişaf edəcəyi, ölkənin iddialı klublarında yer tuta bilməsələr belə, ölkə xaricinə üz tutacağı istiqamətindədir. Digər bir kəsim isə yerli futbolçuların səviyyəsinin hətta ortabab aşağı və yüksək liqa klublarında oynamağa belə imkan vermədiyini bildirir, bu qərardan sonra yerli futbolçuların əksəriyyətinin ya karyerasını bitirəcəyi, ya da aşağı liqalara üz tutacağı istiqamətindədir. Araşdırılmalı, müzakirəyə açıq mövzudur.
Qərarın növbəti mövsümdən qüvvəyə minəcəyini nəzərə alsaq, indidən dəqiq proqnoz vermək mümkün deyil. Amma oxşar situasiyanın daha öncə də yaşandığını nəzərə alıb, müəyyən müqayisə apara bilərik.
Əvvəla, qeyd edək ki, bu cür fikirlər legioner limitinin 6+5-dən 7+4-ə dəyişdirilməsi ilə bağlı müzakirələr zamanı da aktual idi. Onda da bu qərarın yerli futbolçuların inkişafının qarşısını alacağını, yerlilərdən heç birinin ölkə xaricinə yollana bilməyəcəyini iddia edənlər var idi.
Bəs, bu qərardan sonra ölkə xaricinə yollanan azərbaycanlı futbolçular oldumu? Məsələni çox uzatmadan, ölkə xaricində top qovan yerli futbolçulara və onların bu klublarda çıxışına nəzər salaq:
Mahir Emreli (“Nürnberq”, Almaniya)
Mahir heç şübhəsiz, hazırda legioner həyatı yaşayan yerli futbolçular arasında ən uğurlu olanıdır. Bəlkə də, onun hazırda olduğu yer bəzilərinin gözləntiləri ilə üst-üstə düşmür, amma nə edək ki, bu gün ölkə futbolunun vəziyyəti azərbaycanlı futbolçuları Avropanın TOP-5 ölkələrinin iddialı klublarının siyahısında görməyimizə imkan vermir. Mahir buna nail ola bilməsə də, hazırda buna ən yaxın olan futbolçudur. Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in heyətində çıxış edən Emreli, cari mövsümdə 2-ci Bundesliqa və Almaniya kuboku da daxil olmaqla 15 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürməyə imza atıb. 27 yaşlı hücumçu bu oyunların 13-də start heyətində yer alıb. Mahirə əzmkarlığna görə də alqış düşür. Legioner limitinin 6+5 olduğu dönəmdə ölkə xaricinə üz tutan hücumçu, istənilən çətinliyə sinə gərərək, artıq 4 ildir Avropada top qovmağa davam edir. Bu müddət ərzində Mahir “Nürnberq”dən başqa, Polşanın “Legiya”, Xorvatiyanın “Dinamo” (Zaqreb) və Türkiyənin “Konyaspor” klublarında da çıxış edib. Hazırda statistik göstəriciləri heç də zəif olmayan Emrelinin mövsümün sonunda əsas Bundesliqada olmasa da, ən azı 2-ci Bundesliqada çıxışını davam etdirəcəyi daha inandırıcıdır. Futbolçu bir qədər də forma yığsa, bəlkə də, növbəti mövsümdə onun adına yüksək səviyyəli liqada rast gələ bilərik.
![](https://komanda.az/wp-content/uploads/2024/09/204758_hv1daizjbv.jpg)
Coşqun Diniyev (“Çorum”, Türkiyə)
Coşqun Azərbaycanı 6+5 limitinin ləğv edildiyi 2023-cü ildə tərk edib. Türkiyənin 1-ci liqa klubu “Ümraniyəspor”a üz tutan yarımmüdafiəçi, daha sonra bu liqanın başqa təmsilçisi “Bandırmaspor”da çıxış etdi. Diniyev qısa müddət öncə isə 1-ci liqanın başqa təmsilçisi “Çorum”la müqavilə bağladı, bu komandada elə ilk oyunundaca dublla yadda qaldı. Coşqun Türkiyədə çıxış etdiyi müddətdə daim əsas heyətin üzvlərindən olub. O, cari mövsümdə çıxış etdiyi klublarda 21 oyunda şans qazanıb, 2 qol vurub. Diniyev bu matçların 16-da start heyətində yer alıb.
![](https://komanda.az/wp-content/uploads/2025/02/coqun.jpg)
Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə)
Vüsalın legioner macərası ölkədə hələ 6+5 limitinin tətbiq olunduğu dövrlərə təsadüf edirdi. 2021-ci ildə Türkiyənin “Keçiörengücü” klubuna transfer olunan futbolçu, 2022-ci ildə vətənə geri dönərək, karyerasını “Sumqayıt”da davam etdirdi. Lakin 2023-cü ildə limitdə baş verən dəyişiklikdən sonra yenidən ölkə xaricinə üz tutdu, əvvəlcə Albaniya “Eqnatia”sında, ötən ilin yanvarından isə Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”da çıxış etdi. Hazırda da Türkiyə klubunda yer alan Vüsal, cari mövsümdə cəmi 12 oyunda şans qazanıb, 1 qola imza atıb. Maraqlıdır ki, İsgəndərli yeganə qoluna ölkə kubokunda, Türkiyə nəhəngi “Qalatasaray”la matçda imza atıb. Hücumçunun əsas heyət uğrunda işləri heç də yaxşı getmir. Belə ki, o, cari mövsümdə cəmi 4 dəfə start heyətində yer alıb.
![](https://komanda.az/wp-content/uploads/2025/01/1715889099_04e4cf09-ccbd-3bd4-8221-1d7febf151e8_850.jpg)
Rahil Məmmədov (“Radomiak”, Polşa)
Rahil də legioner limitinin 7+4-ə keçdiyi mövsümün gedişində ölkə xaricinə üz tutdu. İlk öncə Polşanın “LKS Lodz” klubuna yollanan Rahil, hazırda bu ölkənin başqa yüksək liqa klubu “Radomiak”da çıxış edir. Müdafiəçi komandanın əsas üzvlərindən hesab olunur. Belə ki, cari mövsümdə 13 dəfə yaşıl meydana ayaq basan Məmmədov, bu matçların 11-də start heyətində yer alıb.
![](https://komanda.az/wp-content/uploads/2024/07/rahil-memmedoveg9l.jpg)
Zamiq Əliyev (“Eqnatia”, Albaniya)
23 yaşlı müdafiəçi də ölkə xaricinə ötən il üz tutdu. Albaniyanın “Eqnatia” klubunda çıxış edən Zamiq, cari mövsümdə 22 oyunda şans qazanıb, 1 qol vurub. O, bu oyunların 14-də start heyətində yer alıb.
2023-cü ilin yayından etibarən ölkə xaricinə yollanmış, lakin sonradan Azərbaycana geri qayıtmış futbolçular da var (Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə, Amil Yunanov və s.).
Siyahı hazırlanarkən ancaq ölkə futbolunun yetirmələrinin çıxışı nəzərə alınıb. Azərbaycan millisində çıxış etmiş, lakin ölkə futbolunun yetirməsi olmayan, hazırda ölkəmizdən kənarda çıxış edən futbolçular da var. Bunlara misal olaraq Ozan Can Kökcünü (HJK, Finlandiya), Eddi İsrafilovu (“Johor”, Malayziya), Renat Dadaşovu (“Ankaragücü”, Türkiyə) və s. kimi oyunçuları göstərə bilərik. Limitin ləğvi həmçinin, klublarımızın dəyərindən çox yuxarı qiymətə milliləşdirilmiş oyunçulara qucaq açmasının da qarşısını alacaq. Hətta hazırda ölkə çempionatında çıxış edən milliləşdirilmiş oyunçulardan bəziləri də ölkə xaricinə üz tuta bilər.
Əlbəttə, oyunçularımızın çıxış etdiyi liqaları heç də top səviyyədə saya bilmərik. Amma bu çempionatları Azərbaycan Premyer Liqasından zəif də saymaq mümkün deyil (Albaniya Super Liqasını çıxmaq şərti ilə). Lakin onu deyə bilərik ki, Albaniya çempionatı daxil olmaqla, bu liqalar futbolçularımızın daha güclü çempionatlara keçidində körpü ola bilər.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, limitin ləğvinin yerli futbolçuların keyfiyyətinə, milli komandanın nəticələrinə hansısa müsbət və ya mənfi təsir göstərəcəyini indidən demək mümkün deyil. Amma bu qərarın yerli futbolçuların ən azı yuxarıda qeyd edilən liqalara, bəlkə də, daha yaxşı çempionatlara yollana biləcəyi ehtimalını artıracağı dəqiqdir.
Bəs, hazırda ölkə çempionatında çıxış edən yerli futbolçularda ən azı yuxarıda adları sadalanan oyunçularda olan potensial varmı? Bax, burada fikirlər yenə haçalanacaq. Yekun sözü isə faktlar deyəcək.
Bizi Facebook-da izləyin