Qayıbov: “Qarabağ” elə səviyyədədir ki, Avropada uduzanda təəssüflənirik”
“Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, çempionatda rəqabət yaranmalıdır”.
Komanda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, “Qarabağ”ın çıxışına toxunub:
“Qarabağ” son illərin daimi çempionudur. Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. “Qarabağ” elə səviyyədədir ki, Avropada uduzanda təəssüflənirik və “niyə udmadı” deyirik. “Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, rəqabət yaranmalıdır. Amma geriyə baxsaq, ilk mərhələni keçə bilmədiyimiz günlər də var idi. Bəli, futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsaz, görərsiz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar”.
Nazir Azərbaycanda bir neçə beynəlxalq yarış keçirdiklərini söyləyib:
“Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik. Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beyəlxalq yarışlara daha çox getməlidirlər. Təəssüflər olsun ki, Qırğızıstanın 15 yaşlı ftbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi. Yəni öyrəndik ki, futbolda Qırğızıstanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi. Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır. Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik. Son illərdə “Qarabağ”ın yerli futbolçuları – Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir. Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Təcrübə qazandıqca “artırırlar”.
Qayıbov stadionların təmir olunmasının vacibliyini qabardıb:
“Futbolda işlərimiz çoxdur. Lakin düşünürəm ki, həm yarışlar keçirməli, həm də aşağı yaş qrupundan ibarət idmançılarımıza şans verməliyik. Uşaq futboluna investisiya qoymalıyıq. Biz artıq bunu etməyə başlamışıq. Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır. Bir çox rayonlarda stadionlar var. Bunu tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir. Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır. Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır. Artıq 2-ci Liqa da var. Nəticə istəyirik. Qonşumuz Gürcüstanı görürük və təəsüflənirik. İstərdik ki, bizim komanda da belə nəticələr əldə etsin. Futbol elə bir mövzudur ki, çox danışmaq olar. Faktlarla danışmalıyıq. Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.
Bizi Facebook-da izləyin