AMADA UKAD-ın rəhbərlik etdiyi beynəlxalq işçi qrupuna dəvət alıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) tərəfindən təşkil olunan yeni data analitikası işçi qrupunda iştirak edir.
Komanda.az xəbər verir ki, bu əməkdaşlıq təşəbbüsü ABŞ Avstraliya, Yeni Zelandiya, Yaponiya və Danimarka antidopinq agentlikləri ilə yanaşı, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi (ITA) və İdmançılar Etikası Bölməsi (AIU) kimi qlobal təşkilatları bir araya gətirir.
İşçi qrupunun əsas missiyası data analitikası və süni intellektin potensialından istifadə edərək antidopinq səylərini qlobal səviyyəyə yüksəltməkdir. Qrup biliklərin birləşdirilməsi və birgə tədqiqatların aparılması vasitəsilə test və təhsil sahəsində daha dəqiq, effektiv və məqsdəyönümlü yanaşmalar yaratmaq üçün innovativ metodların hazırlanmasını hədəfləyir.
Oktyabrın 9-da UKAD və “Sport Integrity Australia” tərəfindən işçi qrupu üçün onlayn görüş keçirilib və tədbirdə data analitikasının antidopinq test və təhsil sahəsində istifadəsi müzakirə olunub. Müzakirələrdə data əsaslı nəticələrin test protokollarını təkmilləşdirmək və spesifik çətinliklərə uyğunlaşdırmaq gücü vurğulanıb.
İşçi qrupu hazırda noyabrın 26-dan 27-dək Londonda keçiriləcək canlı görüş üçün hazırlıqlar aparır. Bu görüşdə data analitikası və süni intellektin antidopinq təşəbbüslərinə necə təsir göstərə biləcəyi barədə müzakirələr davam etdiriləcək.
AMADA bu işçi qrupuna qoşularaq, dopinqə qarşı mübarizədə qabaqcıl texnologiya və innovasiya ilə beynəlxalq səylərə töhfə verməyə olan öhdəliyini bir daha təsdiqləyir.
Bizi Facebook-da izləyin