“Dinamo” Bakıdakı matçın asan olmayacağını başa düşməlidir” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Filip Ozobiç “Sportske.jutarnji.hr” nəşrinə müsahibə verib.
Komanda.az xəbər verir ki, o, “Qarabağ”ın Bakıda “Dinamo”ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqda da danışıb. 2018-2023-cü illərdə Ağdam klubunun formasını geyinmiş yarımmüdafiəçi “köhlən atlar”ın Zaqrebdəki ilk matçda çoxlu şanslarının olduğunu deyib:
“Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi. 3:0 hesabı böyük üstünlükdür. “Dinamo” 4-cü və ya 5-ci qolu da vura bilərdi. Amma fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. “Qarabağ” cavab qarşılaşmasında tez qol vurmaq istəyəcək. “Dinamo” Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Hesabı saxlayacaq komanda deyil. Keyfiyyətli futbolçuları var və həmişə hücum barədə düşünürlər. Komandanın bu görüşdə oyun üslubunu dəyişəcəyini düşünmürəm”.
Ozobiç Azərbaycan millisindəki karyerasını sonlandırmaq istəmədiyini də bildirib. Əslən Xorvatiyadan olan 33 yaşlı yarımmüdafiəçi Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində çıxış etmək niyyətindədir:
“Niyə də olmasın? Sağlam və formada olsam, daha çox oynamaq istərdim”.
Ozobiç 2021-ci ildən Azərbaycan yığmasının formasını geyinir.
Bizi Facebook-da izləyin