Keyn Almaniyadakı ilk mövsümü haqda danışdı
“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada debüt mövsümü ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu inanılmaz təcrübə qazandığını bildirib:
“İnanılmaz təcrübə! Düşünürəm ki, “Bayern” kimi klubda oynamaq yalnız faydalı ola bilər, daha yüksək səviyyəyə qalxmağa imkan verir. Çünki burada hər matçda inanılmaz təzyiq altındasan, səndən həmişə yaxşı çıxış etmən gözlənilir. Müxtəlif stadionlarda özümü sınamaq mənə çox xoş idi. Atmosfer sadəcə heyrətamizdir. Düşünürəm ki, Almaniyadakı Avropa çempionatında da belə olacaq”.
İngilis futbolçu 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib. Onun transfer məbləği 100 milyon avro təşkil edib.
Keyn 2023/24 mövsümündə “Bayern”in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə edib. Münhen təmsilçisi mövsümün sonunda Bundesliqada turnir cədvəlində 3-cü yeri tutub.
Keyn iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək AÇ-2024-də İngiltərə yığmasının heyətində yer alıb.
Bizi Facebook-da izləyin