Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazanıb
Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Komanda.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
Boksçu 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü vəsiqə olub. Daha əvvəl Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) də eyni nailiyyətə imza atıblar.
Banqkokdakı yarış iyunun 2-də bitəcək. Boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.
Bizi Facebook-da izləyin