Şahin Diniyev: “Heç-heçə də ədalətli nəticə olacaqdı”
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 9-cu turunun “Qəbələ” ilə səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Komandanın ilk hissədə nəfəs almaq problemi var idi. Futbolçular qaça bilmirdi. Problemlərimiz çox idi. Komandam ağıllı futbol oynayaraq, qol epizodunu gözləyib kiçik epizoddan uğurla çıxdı. Hər bir futbolçuma təşəkkür edirəm. İlk dövrə bitib. 9 tura belə nəticəni heç kim gözləməzdi, heç özüm də gözləmirdim. Futbolçular xarakter göstərdi. “Qəbələ” oyun baxımından çox artırıb. Yaxşı oynayırlar. Anlayırdıq ki, “Qəbələ” hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. İki-üç qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq idi. “Qəbələ”yə uğurlar arzulayıram.
Bəli, boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirlər. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. “Qəbələ”nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.
Bu gün “Qarabağ”, “Neftçi” və “Sabah”dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, “Səbail” avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq “Səbail”də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Biri olmayanda, digəri meydana çıxa bilməlidir. Məsələn, Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır komandada ki, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa “Səbail” olacaq, o da oldu”.
Bizi Facebook-da izləyin