“Bu mövsüm çox qol şanslarım olmur”

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna ciddi hazırlaşmışıq. Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşməkdir. Onun üçün hazırlaşırıq. Yenə də sabah qələbə qazanmaq istəyirik. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik”.

31 yaşlı yarımmüdafiəçi üç gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın əvvəllərində qaçırdığı qol şansını da xatırlayıb: “Həmin epizodda qol vurmalı idim. Açığı, elə bildim ki, rahat vuracağam. Həmin rahatlıq, bəlkə də, məni çaşdırdı. Belçika ilə oyundan sonra səhərə kimi həmin epizodu düşündüm”.

Mahmudov bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlə razılaşmayıb: “Ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şanslarım olmur. Sadəcə, klubumda təzə baş məşqçiyə uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram. Son oyunumda assist etdim. Bəlkə bunun mənə köməyi dəyər”.

Sabah keçiriləcək Azərbaycan – İordaniya oyunu saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button