“Hamınız bilirsiz ki, Lukakunu “İnter”ə qaytarmaq üçün nə qədər çox çalışdıq” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Romelu Lukakunun “Yuventus”la danışıqlar aparması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “pazzidifanta.com”-a istinadən xəbər verir ki, o, belçikalı forvardın komandasına yardımçı olduğunu deyib:
“Hamınız bilirsiz ki, mən və klub Lukakunu “İnter”ə geri qaytarmaq üçün nə qədər çox çalışdıq. O, bizə çox kömək edib. Romelu “İnter” ailəsinin, xüsusilə də, azarkeşlərin sevgisini qazanmışdı. Lukaku hədəflərimizə çatmaqda bizə yardımçı olub”.
“İnter” Lukakunun “Yuventus”un təklifini nəzərdən keçirmək istəyindən məyus olub. Bir müddət əvvəl “İnter” azarkeşləri Lukakunun “Yuventus”a mümkün keçidi ilə bağlı açıqlama yaymışdılar. Turin təmsilçisinin fanatları da 30 yaşlı futbolçunun transferinə müsbət münasibət göstərməyiblər.
Hazırda “Çelsi”yə məxsus olan Lukaku 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin