“Sumqayıt”da adaptasiya problemim yoxdur”

“Sumqayıt” 2023/24 mövsümü üçün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirir.

Komanda.az xəbər verir ki, yaxın günlərdə komandaya qoşulan estoniyalı hücumçu Erik Sorqa təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb:

“Komandaya qoşulduqdan sonra fiziki məşqçi ilə iki gün fərdi, daha sonra isə komanda ilə birlikdə məşqə çıxdım və tədricən isti havaya alışdım. İndi isə Türkiyədəyik, burda hər şey qaydasındadır. Komanda ilə birlikdə məşqə çıxıram və özümü əla hiss edirəm.
Kollektivdə əla atmosfer var. Maraqlı və intensiv məşqlər keçirik. Yoldaşlarım da məni yaxşı qəbul etdilər. Həm rus, həm də ingiliscə danışdığım üçün heç kimlə ünsiyyət problemim yoxdur. Bütün məsələlərdə bir-birimizə kömək edirik. Deyə bilərəm ki, adaptasiya problemim yoxdur.

Bura gəlməmişdən öncə daha əvvəl Azərbaycanda oynamış dostum Sergey Zenyovla danışdım, mənə ölkəniz və çempionat haqqında məlumat verdi. Estoniyadakı kimi burda da 10 komandanın yarışdığını və liqanın 4 dövrədən ibarət olduğunu bilirdim. Hardasa çempionatlarımız arasında oxşarlıqlar var.

Azarkeşlərimizə demək istəyirəm ki, komanda olaraq hədəfimiz avrokuboklar uğrunda mübarizə aparmaqdır. Baş məşqçimizlə bu barədə tez-tez danışırıq. Məqsədimizə çatmaq üçün mən də əlimdən gələn hər şeyi edəcəm. Həm vurduğum qollar, həm də komanda yoldaşlarıma edəcəyim qol ötürmələri ilə çalışacam ki, fanatlarımızı sevindirim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button