Buskets: “Hər şeyin başlanğıcı və sonu var”
Serxio Buskets yayda “Barselona”dan ayrılmaq qərarına münasibət bildirib.
Komanda.az xəbər verir ki, “Barselona”nın rəsmi saytına danışan ispaniyalı yarımmüdafiəçi, ayrılıq qərarının asan olmadığını deyib:
“Salam, “Barsa” pərəstişkarları. Bu mövsümün mənim “Barselona”dakı sonuncu mövsümüm olduğunu bildirməyin vaxtıdır.
Unudulmaz bir səyahət oldu. Mən həmişə bu formada və bu stadionda oynamaq arzusunda olmuşam. Reallıq bütün gözləntilərimi üstələdi.
Mənə gənc yaşlarımda, “Barsa”nın sisteminə daxil olanda 15 mövsümü dünyanın ən yaxşı klubunda, həyatımın komandasında keçirəcəyimi söyləsəydilər, inanmazdım. İnanmazdım ki, klubun üzvü, oyunçusu və kapitanı olacam, 700-dən çox oyun keçirəcəm.
Uzun illər “Barselona”nın emblemini taxmaq, klubu təmsil etmək mənim üçün şərəf və qürur mənbəyidir. Lakin hər şeyin başlanğıcı və sonu var. Ayrılmaq qərarı asan olmasa da, vaxtın yetişdiyini düşünürəm.
Mən ilk gündən axırıncı günədək yanımda olan bütün insanlara təşəkkür etmək istəyirəm: klub işçiləri, həkimlər, fizioterapevtlər, menecerlər, idarəçilər, mətbuat, rəhbərlik, prezidentlər, məşqçilər… Xüsusilə də, zarafatlaşdığım, söhbət etdiyim, oynadığım, güldüyüm, ağladığım, bayramlaşdığım azarkeşlər”.
34 yaşlı yarımmüdafiəçi bu gün mövsümün sonunda Kataloniya klubunu tərk edəcəyini rəsmən açıqlayıb.
Daha əvvəl Busketsə MLS-dən və Səudiyyə Ərəbistanı klublarından təkliflərin olduğu bildirilirdi.
Buskets “Barselona” akademiyasının məzunudur. O, komandada debütünü 2008-ci ildə edib. Buskets komanda ilə 8 dəfə İspaniya çempionatını, 7 dəfə ölkə kubokunu və superkubokunu, 3 dəfə Çempionlar Liqasını, UEFA superkubokunu və Klublararası dünya kubokunu qazanıb.
Bizi Facebook-da izləyin