“Qəbələ” daha üç futbolçu ilə vidalaşdı – RƏSMİ

“Qəbələ” daha üç futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bunlar Stiven Monroz, Lalavele Atakora və Sabien Lilaydı. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunur ki, adı çəkilən legionerlər növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər.

2017-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Monroz iki mövsüm ərzində bu komandanın heyətində keçirdiyi 62 matçda 20 qol vurub. O, Premyer Liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3 qol), UEFA Avropa Liqasında 6 (2) qarşılaşmada iştirak edib. 29 yaşlı fransalı hücumçu “Qəbələ”də Premyer Liqanın gümüş mükafatını qazanıb, kubokun qalibi və finalçısı olub.

2018-ci ilin yayında komandaya qoşulan Atakora və Lilay “Qəbələ”də bir mövsüm keçirib. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si UEFA Avropa Liqasına təsadüf edib. Atakoranın hesabında Premyer Liqada vurulan bir qol var. Atakora və Lilay Azərbaycan kubokunun qalibi olublar.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button