“İndi bizim üçün daha vacib olan Premyer Liqada qalmaqdır”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 32-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bu gün bizə çox vacib xallar lazım idi, uduzmamalı idik. Futbolçularda gərginlik var idi. Onlara bildirmişdik ki, bu gün mübarizə olacaq, hər mübarizədən qalib çıxmalıyıq. Kim bir qol vursa, oyunu o aparacaqdı. Biz qol vurduq. Gözəl də qol alındı. Ondan əvvəl də Vüsalın yüz faizlik epizodu var idi. Yorğun və ernerji itirmiş halda buradan evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq, yaxşı mübarizə apardıq.

Dincəlmək üçün vaxtımız var. Hazırda 6-cı yerdən 2 xal geridəyik. İndi yalnız “Səbail”lə növbəti oyunu fikrləşirik. Bundan sonra planlar qura bilərik. 6-cı yer xoş olar. Amma çempionatda qalmaq bizim üçün daha vacibdir.

Qışdan sonra ən yaxşı bacardığımız iş çətin vəziyyətlərdən çıxmaqdır. “Sabah” və “Neftçi”dən 10 qol buraxdıqdan sonra “Şamaxı” ilə heç-heçə etdik, “Turan Tovuz”u udduq. Bu, bir komanda üçün çox önəmlidir. Biz stabil olmasaq da, ayaqdayıq. Mənim üçün ən xoş olan şey çətin vəziyyətlərdən çıxa bilməkdir. Bu vəziyyətdən futbolçular özləri çıxır. Məşqçi işi bir faizdir. Qışdan sonra pis oynamırıq. Amma həmin komandalarla matçlarda keyfiyyət baxımından əziyyət çəkirik. Bunlar da yavaş-yavaş düzələcək. O rəqiblərlə hələ ki, bacara bilmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button