“Mən nə uzaqgörənlik edirəm, nə də tapmaca tapıram” – MÜSAHİBƏ
“Səbail”in baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:
- Milli komandaların oyunları üçün yaranan fasiləni necə dəyərləndirərdiz?
- Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə həqiqətən, yerinə düşdü. Doğrudur, futbolçular ritmdən düşə bilərlər. Ancaq mənə elə gəlir ki, həmin müddət bizim üçün çox önəmli idi. Onu səmərəli istifadə etməyə çalışdıq. Əvəzedici heyətlə yoldaşlıq matçı keçirdik. Bəzi mövqelərdə olan problemlərə nəzər yetirə bildik.
- Hazırda “Səbail”in futbolçularının əhval-ruhiyyəsi necədir? Heyətdə zədəli oyunçular var?
- Futbolçuların əhval-ruhiyyəsi yerindədir. Əlbəttə, psixoloji gərginlik hələ də var. Mən bunu öncədən də bildirmişdim, komandanın turnir cədvəlində tutduğu yer onun oyununa layiq deyil. Bunu bir daha təkrar edirəm. Oyunçuların özlərinə olan inamını qaytarmaq üçün bir az zamana ehtiyac var idi. Premyer Liqanın sonuncu oyununda da biz qələbə qazanmağa çox yaxın idik, lakin əlimizdən buraxdıq (“Səbail” – “Turan Tovuz”, 1:1). Buna baxmayaraq, komanda yoluna davam edəcək. Əhval-ruhiyyə də öz qaydasındadır. Düşünürəm ki, sonuncu – dördüncü dövrədə “Səbail” turnir cədvəlindəki mövqeyini düzəldəcək. Maksim Çex, David Qomes, Cabir Əmirli, Ədilxan Qaraəhmədov və Mirabdulla Abbasov zədəli oyunçular sırasında yer alır. Onlar bu həftə məşqə başlayıblar. Onlardan hansının oynayıb-oynamayacağı məlum olacaq. Bir oyunçumuz milli komandanın heyətində idi – Emil Balayev. Digər iki oyunçumuz – Samir Abdullayev və Mirəli Əhmədov 21 yaşadək milli komandada mübarizə aparırdı.
- Elitanı tərk etmək təhlükəsi hələ də komandanız üçün qüvvədədir. Necə düşünürsüz, vəziyyəti düzəltmək mümkün olacaq, yoxsa “Səbail” Premyer Liqa ilə vidalaşacaq?
- Mənim “Səbail” Premyer Liqada qalacaq” fikrini deməyim o demək deyil ki, uzaqgörənlik edirəm və s. Mən gördüyümü deyirəm. Komandanın göstərdiyi oyun bunu deməyimə əsas verir. Düşünürəm ki, biz elitada qalmaq üçün yetərincə güclüyük və oyun üslubumuz var. Rəhbərlik də, futbolçular da, mən də – hamılıqla inanırıq ki, bunun öhdəsindən gələcəyik, inşallah.
- Ötən ilin sonundan paytaxt təmsilçisinin “sükan”ı sizə tapşırılıb. Həmin tarixdən bu günə qədər daha üst pillələrdə qərarlaşmaq üçün sizə maneə törədən nə oldu?
- Bəli, düzgün buyurursuz, yanvarın 3-dən etibarən “Səbail”də işə başlamışam. Bilirsiz ki, həmin ərəfədə komandanın xal ehtiyatı bir az aşağı idi. Onu qaldırmağa çalışmışıq. Nəticədə, 8 xal yığa bilmişik. Bu, daha çox ola bilərdi. Əsas vaxtın sonuna əlavə edilən dəqiqələrdə buraxdığımız qollara görə, bəxtsizlikdən xallar itirmişik. Bayaq da dediyim kimi, komandanın psixoloji gərginliyi onu çox sıxır. Bunu dəf etmək üçün bir neçə dəfə cəhd elədik. Yəqin ki, buna davam edəcəyik. Üst pillələrdə qərarlaşmaq üçün gücümüz və potensialımız yetərincədir.
- Bəlkə, heyətdə yer alan futbolçular sizi qane etmir?
- Mən buraya təyinat aldıqdan sonra heyətdə heç bir dəyişiklik edə bilmədik. Bir dəfə bunu demişəm, yenə də deyirəm: həm qış transfer dönəmində yaxşı futbolçunun olmaması, həm də, hər şeyi yox edib, daha sonra yenidən düzəltmək vaxt istəyir. Çempionatda həmin ərəfə tez başladı, təxminən yanvarın 25-də. 20 gün ərzində nəyisə yenidən qurmaq ağılsızlıq olardı. Qərar verdik ki, heyətdə olan futbolçularla yola davam edək. Bəzi mövqeləri gücləndirə bildik. Məncə, hazırkı heyət yetərlidir.
- Sonuncu pillədə qərarlaşmaq oyunçulara psixoloji olaraq pis təsir edir. Onlarla bu barədə ayrı-ayrılıqda danışıqlar aparmısız?
- Hər bir futbolçu ilə individual və qrup şəklində danışıqlar aparırıq. Onların əhval-ruhiyyəsini yaxşılaşdırmağa çalışırıq. Eyni zamanda, onları inandırmağa çalışırıq. Məncə, bu, bizdə alınır. Oyunçularımda böyük bir narahatlıq, ruh düşkünlüyü yoxdur. Onlar özlərinə inanırlar.
- Bəs, klub rəhbərliyinin hazırkı duruma münasibəti necədir?
- Həmçinin, klub rəhbərliyi də komandaya və mənə güvənir. Bizdə bunu doğrultmaq üçün dəridan-qabıqdan çıxacaq və son nəfəsimizə qədər vuruşacağıq.
- Mətbuat konfranslarında bir neçə dəfə demisiz ki, komanda Premyer Liqada qalacaq. Hələ də o fikirdəsiz?
- Bəli, indi də həmin fikirdəyəm. Mən nə uzaqgörənlik edirəm, nə də tapmaca tapıram. Komandanın sərgilədiyi oyun, ab-hava mənə bu fikri deməyə əsas verir.
- Kubokdakı rəqibiniz “Qəbələ” hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşıb (36 xal) və ən yaxın izləyicisindən 1 xal geri qalır. Onların bu mövsüm çıxışını necə dəyərləndirirsiz?
- Əlbəttə, “Qəbələ” haqqında danışmaq artıqdır. Onların gücü aydındır. Bir neçə ildir ki, eyni heyətlə mübarizə aparırlar. Oturuşmuş heyəti və oyun üslubları var.
- Ölkə kubokunda şanslarınızı necə dəyərləndirirsiz? Sizcə, futbolçularınız sürprizə imza ata biləcək?
- Bizdən fərqli olaraq, onların rotasiya etmək üçün yüksək səviyyəli futbolçuları var. Bəlkə də, proqnozlar favorit kimi onları göstərir, amma bu, kubok oyunudur. İki oyun keçiriləcək. Bizim də şansımız var. Hər bir “cəbhə”də vuruşacağıq. Bizim işimiz çox çətindir.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin