Bakıda Azarkeş Festivalı başladı!

Bu gün Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb.

Komanda.az xəbər verir ki, festivalın ulduz qonaqlarının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Qeyd edək ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-a qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

Azarkeş Festivalının ərazisinə giriş sərbəstdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button