“Verdiyim heç bir qərardan peşman deyiləm” – Müsahibə
“Sumqayıt” klubunun yarımmüdafiəçisi Vüsal İsgəndərlinin Komanda.az saytına müsahibəsi:
- Premyer Liqanın sonuncu turunda “Sabah”a böyük hesabla (0:6) uduzduz. Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Bəlkə də, məğlubiyyətin səbəbi erkən qol buraxmaqla bağlıdır. Sonra toparlana bilmədik. Fərdi olaraq çox səhvlər etdik. Bilirdik ki, boşluq versək, rəqib bundan istifadə edəcək.
- Azərbaycan kubokunun 1/8 finalında “Kəpəz”ə məğlub olduz və mübarizəni erkən dayandırdız. Sizcə, “Sumqayıt” mövsümün ikinci yarısı özünə gələ biləcək?
- Əslində, biz Premyer Liqaya çox pis başladıq. Sonra toparlandıq və xallar qazandıq. Baş məşqçimiz Samir Abasovun nə istədiyini başa düşdük, sistemini öyrəndik. Əlbəttə, istəməzdik ki, kubokdan kənarda qalaq. Qismət, amma belə oldu.
- Hazırda komandanız Azərbaycan Premyer Liqasında 8-ci pillədə qərarlaşıb, elitanı tərk etmək təhlükəsi var. Mövsümün sonuna qədər təhlükə aradan qalxa bilər?
- Elitanı tərk etmək, aşağı liqadan hansısa klubun əsas liqaya vəsiqə qazanması çempionatı çox maraqlı edir. İnşallah, qışdan sonra “Sumqayıt” layiq olduğu yüksək pillələrdə olacaq.
- 2021/22 mövsümündə Türkiyədə – “Ankara Keçiörəngücü” klubunda çıxış etmisiz. Nə üçün karyeranızı həmin klubda davam etdirmədiz?
- Komandada hər şey yaxşı idi. Sadəcə, dollar məsələsi, burada pul qalxdı. Daha sonra müqaviləmdə problem oldu. Yekunda razılaşdıq və hər şeyi yoluna qoyduq.
- Başqa hansısa xarici klublardan təklif almısız?
- Hazırda gözləyirik. Menecerim bu barədə danışıqlar aparır. Necə olacağını zaman göstərəcək.
- Əvvəlki açıqlamalarınızda yalnız ölkə xaricində oynamaq istədiyinizi bildirmişdiz. Amma hazırda “Sumqayıt”ın formasını geyinirsiz…
- “Sumqayıt”da özümü xoşbəxt hiss edirəm. Ölkə xaricindən təklif gələrsə, yenə də oturub danışarıq. Hər iki tərəf üçün xeyirlisi nədirsə, onu edəcəyik.
- Azərbaycan Premyer Liqasında müxtəlif məşqçilərlə çalışmısınız. Türkiyə 1-ci liqasında isə əcnəbi mütəxəssisin “sükanı arxasında” olduğu komandada forma geyinmisiz. Bu məşqçilərdən karyeranıza ən çox təsir edən hansılar olub?
- Məncə, məşqçilər haqda danışmaq mənim işim deyil. Mən futbolçuyam, diqqətimi daha çox oyunlara verirəm.
- Azərbaycanlı azarkeşlərlə türkiyəli azarkeşlər arasında fərq çoxdur?
- Hər iki azarkeş qrupu mənim üçün doğmadır. Əlbəttə, Türkiyədə dolu tribunalar qarşısında oyunlar daha çox aqressiv olur. İnşallah, bizdə də klub sayı daha çox olar və azarkeşlər stadionlara gələrlər.
- Artıq ölkə xaricində oynamaq təcrübəniz var. Təklif gəlsə, yenidən gedəcəksiz?
- Əlbəttə, ölkə xaricinə getmək istəyərəm. Ölkəmi xaricdə təmsil etmək başqa hisdir.
- “Ankara Keçiörəngücü” hazırda Türkiyə 1-ci Liqasında 4-cü yerdədir. Super Liqaya yüksəlmək üçün mübarizə davam edir. Oradan ayrıldığınıza görə peşmansız?
- Yox, verdiyim heç bir qərardan peşman deyiləm. Hər şey təcrübədir. Öz səhvlərim də olub. Onlardan da təcrübə yığıram, öyrənirəm.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin