“Azərbaycan vətəndaşı kimi hər kəs Argentinaya azarkeşlik edəcək” – Şahin Diniyev
Qətərin ilk dəfə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı artıq sona çatır. Gərgin mübarizə şəraitində keçən turnirdə 32 komanda hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə apardı.
Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatdı. Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçirildi. 1/4 final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri isə dekabrın 13-ü və 14-də təşkil edildi.
Bu gün üçüncü yer uğrunda Xorvatiya və Mərakeş milliləri mübarizə aparacaq. Həlledici matç dekabrın 18-də baş tutacaq. Finalda Fransa və Argentina milli komandaları dünya çempionu olmaq uğrunda mübarizə aparacaqlar.
Komanda.az-ın dünya çempionatının son oyunu ilə bağlı sorğusunda iştirak edən AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Cənubi Amerika təmsilçisinə azarkeşlik edəcəyini bildirib:
“Maraqlı dünya çempionatı oldu. Azarkeşlər üçün sensasiyalarla dolu, dinamik, futbolun gözəlliyi və nəticələri baxımından unudulmaz dünya çempionatı kimi yadda qaldı.
Hansı komandaya azarkeşlik edəcəyəm? Əlbəttə ki, bu, Argentina millisidir, başda Lionel Messi olmaqla. Dünya çempionatı başladığı gündən mən həmin milliyə azarkeşlik edirəm. Şadam ki, azarkeşlik etdiyim komanda finala qədər yüksələ bildi. Öncədən qeyd etdiyim kimi, sensasiyalı nəticələr çox oldu. Mərakeşin bu qədər irəliləməsi, Yaponiyanın Almaniyanı, İspaniyanı məğlub etməsi, Səudiyyə Ərəbistanının Argentinaya qalib gəlməsi, Almaniyanın qrupdan çıxa bilməməsi, İspaniyanın 1/8 final mərhələsini keçə bilməməsi və s. Sırf sadaladığım məqamlar baxımından maraqlı çempionat oldu.
Düşünürəm ki, final oyunu hər kəsin maraq dairəsində olacaq. Azərbaycan vətəndaşı kimi hər kəs Argentinaya azarkeşlik edəcək. Baxmayaraq ki, idmanı siyasətə qatmaq düzgün deyil. Lakin mən ilk gündən etibarən Argentina millisinə azarkeşlik edirdim. Final oyununda da favoritim Argentinadır. Bu, avtomatik belədir. Baxmayaraq ki, Fransa güclü komandadır. Onlar finala qədər bir nəfəsə irəliləyərək gəlib çıxa bildi. Heç bir oyunda boşluq vermədilər. Yalnız Tunis millisi ilə oyunu çıxmaq şərtilə. Həmin matçda ikinci heyətlə oynayırdılar.
Fərq ondan ibarətdir ki, Argentinada oyunun taleyini həll edə bilən bir böyük futbolçu var. Bu, Messidir. Ancaq Fransada təxminən 4-5 futbolçu var ki, oyunun taleyini həll edə biləcək gücdədir. Fransa bu məsələdə Argentinanı qabaqlayır. Burada həm Dembele, həm Mbappe, həm Qrizmann, həm Jiru, həm də Rabionu götürsək, beş futbolçu var. Onlar oyunun taleyini üzərlərinə götürüb, həll edə bilərlər. Təəssüf ki, bu məsələ Argentinada yalnız Messinin üzərinə düşür. Mən düşünürəm ki, Messi də nəyə qadir olmasını, dünyanın ən yaxşı futbolçusu olduğunu bir daha göstərəcək. Həm futbol baxımından, həm də siyasi cəhətdən Argentinanın tərəfindəyəm”.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə həlledici görüşdə “xoruzlar”ı dəstəkləyəcəyini deyib:
“Əlbəttə, mundialı izləyirik. Bu dünya çempionatı daha maraqlı oldu. İlk dəfə idi ki, qış ayında keçirilirdi. Məncə, futbolçuların performansı yaxşı idi. Çünki ölkə çempionatlarının ən yaxşı vaxtında onlar milli komandalarına getdilər. Oyunların tempinin daha yüksək olduğu görünürdü.
Avropa komandalarına azarkeşlik edirdim. Həqiqətən, istəyirdim ki, Avropa komandalarından biri dünya çempionu olsun. Amma təəssüf ki, həm Almaniya, həm İspaniya bu turnirdə elə də uğurlu çıxış etmədilər.
Əlbəttə ki, finalda Fransaya azarkeşlik edəcəm. Deyərdim ki, bu dünya çempionatı başlayandan Fransa sırf nəticəyə seçilən taktiki komandadır. Mbappe kimi ulduz futbolçuları var. Qrizmann komandada liderə çevrilib. O, çox böyük işlər görür. Heyətinə baxsaq, dünyanın böyük komandalarında oynayan futbolçuları var.
Amma rəqib də güclüdür, orada Messi var. Bilirik ki, komanda onun əhatəsində necə birləşib. Böyük azarkeş kütləsi də var. Çətin olacaq. Amma Fransaya azarkeşlik edəcəm. Ümid edirəm ki, Fransa qalib gələr.
Əlbəttə, bu dünya çempionatında sürpriz komandalar çox oldu. Bu mənada Mərakeşi qeyd edə bilərəm. Onlardan bu cür çıxışı heç kim gözləmirdi. Müasir futbol sürprizlərlə doludur. İstəyərəm ki, Mərakeş bürünc medal qazansın, Fransa isə dünya çempionu olsun”.
Bir vaxtlar Azərbaycanda Tovuzun “Turan” komandasını çalışdırmış Naci Şensoy DÇ-2022-nin sonuncu matçında heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib:
“Mən final matçında heç bir komandaya azarkeşlik etməyəcəm. Ancaq təbii ki, bu oyunla bağlı fikir bildirə bilərəm.
Hər iki komanda layiqli mübarizə apararaq finala qədər gəlib çıxa bildi. Argentina qrup mərhələsinə yaxşı start vermədi və Səudiyyə Ərəbistanına uduzdu. Amma həmin görüşdən sonra həqiqi güclərini göstərdilər və finala qədər gəldilər. Fransa isə özündən çox əmin şəkildə bunu bacardı.
Xorvatiya ilə matçdan öncə Argentina haqqında o qədər də yaxşı fikirlərim yox idi. Amma həmin görüşdə Argentina çox yaxşı oynadı və qeyd etdiyim kimi, hər matçda performansını daha da yüksəltdi.
Hər kəsi finalda “Argentinanın hücum xətti – Messi, Alvares, yoxsa Fransanın hücum xətti – Mbappe, Jiru daha təsirli olacaq” sualı düşündürür. Məncə, tam əksinə, hər iki millinin müdafiəçiləri qalib gələcək komandanın adını müəyyənləşdirəcəklər. Çünki Xorvatiya ilə matçda xorvatların müdafiəçiləri çox səhv etdilər və məğlub oldular. Argentinanın müdafiəçiləri isə çox yaxşı oynadılar və Xorvatiya millisinin hücumçularına qol vurmaq üçün imkan vermədilər”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin