“Qrupdakı son iki matçı qələbə ilə başa vurmalıyıq” – Zubir
“Eyni komanda ilə ikinci oyunumuz idi. Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçından sonra “CBC Sport”a açıqlamasında deyib.
O, çox qol şansı yaxalamadıqlarını bildirib:
“Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha iki oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.
Matçdan sonra “Olimpiakos”un hücumçusu Abubakar Kamara ilə görüşən 31 yaşlı vinger, Fransada ona qarşı oynadığını və yaxşı münasibətlərinin olduğunu bildirib:
“Matçdan sonra söhbət etdik, oyun haqqında danışdıq. Dostum olduğu üçün ona yaxınlaşdım”.
Almaniya “Frayburq”unun artıq qrupdan çıxdığını xatırladan Zubir, ən azı 2-ci yeri tutmağa çalışacaqlarını deyib:
“Bunun üçün isə qrupdakı son iki matçımızı qələbə ilə başa vurmalıyıq”.
Bizi Facebook-da izləyin