“Bayern” hücumçusunu İtaliya klubuna satdı
Almaniya çempionu “Bayern” hücumçusu Coşua Zirkze ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 21 yaşlı futbolçunu İtaliyanın “Bolonya” klubuna satıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya nəhəngi bu transferdən 8.5 milyon avro qazanıb. Niderlandlı futbolçu İtaliya klubu ilə 4 illik müqaviləyə imza atıb.
Coşua Zirkze “Bayern”in öz yetirməsidir. O, Münhen klubunun əsas komandasında cəmi 17 oyuna çıxıb və 4 qol vurub. O, 2021-ci ildə İtaliyanın “Parma” klubunda icarədə oynayıb. Nierlandlı forvard ötən mövsümü Belçikanın “Anderlext” klubunda icarədə keçirib. O, bu komandada 47 oyuna 18 qol vurub. Gənc forvard Niderlandın U-21 yığmasının da formasını geyinir.
“Bayern” digər gənc futbolçularından Brayt Arrey-Mbi ilə Qabriel Vidoviçi də icarəyə göndərib. Onlar müvafiq olaraq “Hannover” və “Vitess” klublarına icarəyə veriliblər. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq.
Qabriel Vidoviç Münhen klubunun öz yetirməsidir. 18 yaşlı futbolçu Almaniyada dünyaya göz açsa da, Xorvatiyanın U-21 yığmasında forma geyinir. Hücumameyilli yarımmüdafiəçi “Bayern”in əsas komandasında da 4 oyuna çıxıb.
Brayt Arrey-Mbi də “Bayern”in öz yetirməsidir. 19 yaşlı müdafiəçi ötən mövsüm “Köln”də də icarədə olub. Kamerun əsilli futbolçu vaxtilə İngiltərənin U-15 yığmasında oynayıb. Sonralar isə o, Almaniyanın U-16 və U-17 yığmalarının formasını geyinib.
Coşua Zirkzeni transfer edən “Bolonya” Rusiyanın “Dinamo” (Moskva) klubunun yarımmüdafiəçisi Nikola Moronu da icarəyə götürüb. Xorvatiyadan olan 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Bunun üçün Mosvka təmsilçisinə 1.5 milyon avro ödənilib. Futbolçunun transfer hüquqlarının alınması üçün daha 9 milyon avro ödəmək lazım gələcək.
Nikola Moro Zaqreb “Dinamo”sunun yetirməsidir. O, 2020-ci ildən oynadığı Rusiya təmsilçisində 66 oyuna çıxıb, 5 qol vurub. Dayaq yarımmüdafiəçisi bu il Xorvatiyanın əsas yığmasında da debüt edib.
“Bolonya” Niderlanddan olan yarımmüdafiəçisi Yerdi Sxoutenlə də yeni müqavilə bağlayıb. 25 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. O, 2019-cu ildən oynadığı bu komandada 70 oyuna 2 qol vurub. Niderland yığmasında da 1 oyun keçirmiş futbolçu, daha öncə “Den Haaq, “Telstar” və “Ekselsior” kimi klublarda forma geyinib.
Bizi Facebook-da izləyin