“Yuventus”dan “Bayern”ə 70 milyon avroluq transfer
Futbol üzrə Niderland yığmasının müdafiəçisi Matteys de Liqt İtaliyanın “Yuventus” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra Almaniya çempionu “Bayern”in uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. De Liqt Bundesliqa nəhəngi ilə 5 illik müqavilə imzalayıb. “Bayern” bu keçidə görə “Yuventus”a 67 milyon avro ödəyəcək. Turin təmsilçisinin bonuslarla daha 10 milyon avro qazanmaq şansı var.
Matteys De Liqt 2019-cu ildən “Yuventus”da oynayırdı. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 117 matça çıxıb və 8 qola imza atıb.
“Yuventus” De Liqtlə yanaşı, hücumçusu Matteo Brunorini də “Palermo”ya satıb. 27 yaşlı forvard yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Bu transfer “Palermo”ya 2 milyon avroya başa gəlib.
Brunori 2020-ci ildə “Yuventus”a gəlmişdi. Lakin o, bu klubun əsas komandasında oynamadan 2021/22 mövsümündə “Entella”ya, ötən mövsüm isə məhz “Palermo”ya icarəyə verilmişdi.
Yeri gəlmişkən, “Bayern”in yarımmüdafiəçisi Leon Qoretska uzun müddətə sıradan çıxıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Almaniya yığmasının da üzvü olan 27 yaşlı xavbek dizindən əməliyyat olunub. Əməliyyatı uğurlu keçən futbolçu komanda ilə birgə ABŞ turnesinə də gedə bilməyib. Onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Bizi Facebook-da izləyin