Belaruslu futbolçu Azərbaycan millisinin zəif nöqtəsini göstərdi
Belarus millisinin futbolçusu Pavel Sedko bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin müdafiə xəttinin zəif olduğunu bildirib:
“Azərbaycan millisi müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir.
Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Çünki bizim üçün başqa nəticə yoxdur. Bu səbəbdən, yalnız qələbəyə köklənəcəyik. Bütün oyunçuların motivasiyası əladır, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq”.
Belarus yığmasının digər üzvü Maksim Şvetsov isə 2021-ci ildə Minskdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşünü xatırladıb:
“Rəqib indi də eyni sxemlə oynayır. Ötənilki oyun döyüşkən alınmışdı. Son dəqiqələrdə qol buraxmışdıq. Halbuki həmin vaxt daha çox təzyiq göstərə bilərdik. Azərbaycan yığması döyüşkən komandadır. Fikrimcə, bizimlə eyni səviyyədədirlər. Baxacağıq, görək necə alınır”.
Bu gün Serbiyadakı Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin