“Dövlət 10 klubun hər birinə eyni məbləğdə vəsait ayıracaq”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ”ın “Zirə”yə qalib gəldiyi Azərbaycan kubokunun final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız necədir?
- Açığı, mən belə gərgin oyun gözləmirdim. Fikirləşirdim ki, 90 dəqiqə qalibi müəyyənləşdirmək üçün bəs edəcək. Matçın əlavə vaxta getməsi göstərdi ki, futbolun dostluğa heç bir aidiyyatı yoxdur. Qurban Qurbanovla Rəşad Sadıqov yaxın dost olsalar da, futbol ayrıdır. Hər iki kollektiv gözəl oyun nümayiş etdirdi. Komandaları təbrik edirəm. Vacib işləri burada gördülər. Ən əsası isə avrokuboklardadır. Birincisi, püşkatmada bəxtimiz gətirsin. Bundan sonra Allah da bizi sevindirər.
- Avrokuboklara 4-cü vəsiqəni “Qəbələ” qazandı. Siz buna daha çox sevindiniz, yoxsa “Sabah”ın beynəlxalq arenaya çıxmağını istərdiniz?
- “Qəbələ” ilə yanaşı, “Sabah” da avrokuboklara vəsiqə qazansaydı, yaxşı olardı. Çünki hər iki komanda mövsüm ərzində maraqlı oyun sərgilədi. Amma “Qəbələ”nin uğuruna daha çox sevindim. Çünki vaxtilə bu komandanın büdcəsi çox idi. Sonradan tədricən azaldı. Bəziləri düşünürdü ki, “Qəbələ” də digər klublar kimi tairxdən silinir. Başda Fariz Nəcəfov olmaqla, kluba dəstək olanlar sağ olsunlar. Kubokun finalının buraya salınması təsadüfi deyildi. Bunun özü həm yuxarılara, həm də aşağılara səs idi ki, belə bir məkanı boş qoymaq olmaz. Sevindirici haldır ki, hamı bunu gördü. Doğrudan da, Qəbələdə olan infrastruktur Avropanın çox ölkəsində yoxdur. Bugünkü oyunda xeyli sayda xarici vətəndaş var idi. Əsas olan odur ki, “Qəbələ” kiçik büdcə ilə avrokuboklarda iştirak hüququ qazandı.
- “Kəpəz”lə “Turan Tovuz” yeni mövsümdən Premyer Liqada çıxış edəcəklər. Onların büdcəsi barədə nə deyə bilərsiz?
- Məndə olan məlumata görə, dövlət Premyer Liqada çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait ayıracaq. Bacarığı olan komanda sponsorlar cəlb edib, əlavə gəlir əldə edəcək. Bu, onların öz işləridir. Məbləği bilirəm, amma açıqlaya bilmərəm.
- PFL-in büdcəsi nə qədər olacaq?
- Sponsorumuz yoxdur. Allahdan asılıyıq. Bizim də sponsorumuz AFFA-dır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin