Voyislav Stankoviç: “Məşqçilik barədə düşünmürəm”
“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişinin qonağı olub.
Komanda.az xəbər verir ki, serbiyalı müdafiəçi dünya səviyyəsində tanınmış futbolçu olmamasında bir neçə amilin rol oynadığını dilə gətirib:
“Onlardan biri futbol agentləri, digəri isə puldur. Məsələn, başqa klublar məni almaq istəyib, amma pula görə razılaşmayıblar. Haradasa bəxtsizlik amilini də qeyd edərdim. Serbiyanın ən məşhur klubu olan “Partiza”nın şərəfini qorumuşam. Amma bəzi məsələlər daha çox tanınmağıma mane olub.
Futbolçu olmağımda atamın böyük rolu olub. Mənə hər zaman dəstək verib. Bəlkə də futbolçu olmasaydım, şəxsi biznesimi qurardım. Çünki hansısa zavoda gedib gündə 7-8 saat işləmək mənə görə deyil. Hazırda məşqçilik barədə düşünmürəm. Amma baş məşqçi olmaq çox çətindir.
7 ilə yaxındır Azərbaycanda çıxış edirəm. Övladlarımın dövlət himnini əzbər bilməsi də bununla əlaqədardır. Xüsusilə, ötən il azarkeşlər stadiona gələ bilməyəndə hər matçdan öncə himn səslənirdi. Övladlarım bununla maraqlanırdı. Mən də onlara deyirdim ki, öz himnimizi bildiyiniz kimi Azərbaycan himnini də öyrənməlisiniz. Zaman keçdikcə öyrəndilər, hazırda da təmiz bilirlər”.
Təcrübəli oyunçu iki il öncə “Qəbələ”ni paytaxt klubuna dəyişməsinin səbəbini açıqlayıb:
“4 il “Qəbələ”nin şərəfini qorumuşam. Sonra “Neftçi”dən təklif gəldi. Mən də qəbul etdim. Bunun səbəbi isə “ağ-qara” rənglərə bağlı olmağımdır”.
Stankoviç ən böyük arzularından birinin Rio Ferdinand, Ronaldinyo və Kriştiano Ronaldo kimi dünya ulduzları ilə eyni komandada oynamaq olduğunu əlavə edib.
Bizi Facebook-da izləyin