DÇ-2022: Seçmə mərhələ oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq
Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə sentyabrda keçiriləcək seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.
Komanda.az xəbər verir ki, bununla bağlı UEFA və FİFA birgə qərar verib. Bu barədə BBC məlumat yayıb. Belə qərarın verilməsinə səbəb son zamanlarda koronavirusa yoluxma hallarının artmasıdır.
Qərar yalnız sentyabrda keçiriləcək oyunlara aid ediləcək. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.
Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandaları ilə qarşılaşacaq. Yığma hər üç oyunu səfərdə keçirəcək.
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqla mübarizə aparır. Seçmə mərhələ çərçivəsində iki oyuna çıxan millinin aktivində 0 xal var. Canni de Byazinin rəhbərlik etdiyi komanda Serbiyaya 1:2, Portuqaliyaya isə 0:1 hesabıyla uduzub.
Bizi Facebook-da izləyin