“Hər şey “Sabah”ın başına gəlir” – Ramin Quliyev

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempionatı yaxşı notlarda bitirmək istəyirdik. Futbolçularımız qələbə üçün əllərindən gələni etdilər. Rəqibin kimliyinə rəğmən, meydana qalibiyyət üçün çıxırıq. Bir çox futbolçumuzun müqavilə müddəti bitir. Qalanlara da, gedənlərə də ayrı-ayrılıqda təşəkkür edirəm.

Oyuna yaxşı hazırlaşmışdıq. Epizodlar zamanı kompakt müdafiə olunduq. Oyunu əks-hücum üzərində qurmaq istəyirdik. Hesabda 1:0 öndə olarkən, təəssüf ki, yenə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bu, penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur. VAR sistemi yoxdur, 50/50 olanda da belə qərar verilir. Bu, bir qədər xoşagəlməz hadisədir. Hər şey “Sabah”ın başına gəlir. Tam epizodu görməmişəm. Amma ilkin qənaətim budur ki, orada penalti yox idi.

Mən komandada olduğum halda, baş məşqçi postuna kimlərinsə gələcəyi barədə söhbətlər xoşagələn deyil. Mən bu barədə bir söz deyə bilmərəm. Hər kəsin şəxsi fikri var. Rəhbərliklə müqavilə barədə hələ danışığımız olmayıb. Kluba yad adam deyiləm, idman direktorluğundan baş məşqçi postuna gəlmişəm. Rəhbərlik məsləhət bilsə və məni bu postda saxlamağa lüzum görsə, qalacağam. Dəyişiklik edilsə, öz mövqeyimə çəkilərək, kluba xidmət edəcəyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button