“Dedim problem yoxdur, beş nəfər nümayəndə gəlsin, söhbət edək” – Müsahibə
Birinci divizionda çıxış edən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin Komanda.az saytına müsahibəsi:
- “Kəpəz”in çıxışını necə dəyərləndirirsiz?
- Divizionda ilk dövrədən sonra başladıq yoxlama oyunları keçirməyə. Sonra kubok matçında “Sabah”ı mübarizədən kənarlaşdırdıq, “Keşlə” ilə ilk oyunda da pis oynamadıq. Sonra çempionat oyunları başladı. Futbolçularda bir az yorğunluq olmuşdu. Buna görə lazım olan mübarizəni göstərə bilmədilər. Dövrənin ilk oyunundakı məğlubiyyət komandaya ola bilsin, pis təsir etdi. Yuxarıda olan rəqiblərlə aradakı fərq çox deyildi, istəyirdik onlara çataq. Optimal heyətimizi qura bilmirik. Bəzi futbolçular zədələndi. Ehtiyatda olanlar da onları tam əvəz edə bilmədi. Son olaraq da “Turan Tovuz”la səfər matçında (0:0) böyük itkilərə baxmayaraq, bir xal qazana bildik.
- “Turan Tovuz” matçından sonra azarkeşlər komandanın çıxışından narazı olduqlarını bildirmək üçün stadiona gəlib, rəhbərliklə görüşüblər. Azarkeşləri necə razı salmağı düşünürsüz?
- Mən Gəncəyə gələndə hara gəldiyimi bilirdim. Buranın böyük azarkeş kütləsi var və onlar komandalarının uğur qazanmasını istəyirlər. Bura gələndə əsas məqsədim yerli futbolçuları üzə çıxarmaq idi. Çalışdım və buna müəyyən qədər nail olmuşam. Bu, bir-iki ilin işi deyil. Baxın, 2004-cü ildən 2017-ci ilə qədər Gəncə futbolunun yetirmələrindən demək olar ki, milli komandalarda heç kim olmayıb. Lakin mən gələndən sonra gəncəli futbolçular müəyyən yaş qrupları üzrə milli komandalara dəvət olunurlar. Bu il bir futbolçumuz da U-21 komandasına dəvət alıb. Biz heyətimizdə əsasən gəncəli futbolçulara üstünlük veririk. Əsas məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaq deyil, yerli futbolçulardan yaxşı komanda formalaşdırmaq idi. Hər oyunda 7-8 yerli futbolçu əsas heyətdə olur.
- Nəticə olmayanda narazılıq olur. Belə deyək, gəncəli azarkeşlərin sizi komandada görmək istəmədiyi bildirilir. “Kəpəz”in durumunu da nəzərə alsaq, istefa haqda düşünürsüz?
- Çempionatın bitməsinə dörd oyun var. Mənim müqaviləm var və sözləşməmin sonuna qədər komandada qalmağa çalışacam.
- İddia edilir ki, komandanın çıxışından narazı olan, xüsusilə, daha çox fəallıq göstərən azarkeşlər “Kəpəz”in məşqçilər heyəti tərəfindən təhdid edilir. Bununla bağlı nə deyə bilərsiz?
- Bu, düzgün deyil. “Turan Tovuz”la oyundan sonra azarkeşlərlə görüş oldu. Tovuzdan Gəncəyə gələndə birbaşa stadiona getdik və orda 20-yə yaxın azarkeş var idi. Klubun rəhbərliyi onlarla danışdı, söhbət etdi. Mənə dedilər ki, azarkeşlər səninlə də görüşmək istəyir. Dedim problem yoxdur, beş nəfər nümayəndə gəlsin, söhbət edək. Onlar bu təklifi qəbul etmədilər və rəhbərliklə danışıb, getdilər. Məşqçilər tərəfindən azarkeşlərə heç bir təzyiq edilməyib və onlara nəsə deyilməyib. Hədə-qorxu məsələsi düzgün deyil. Bizim məşqçilər korpusundan heç kim onlara nəsə deməyib, təzyiq göstərməyib. Azarkeşlərlə aramızda söhbət olub, ancaq ora heç kim gəlməyib. Nə üçün belə bir şey dediklərini bilmirəm. Məndə olan məlumata görə, məşqçilər korpusundan kimsə kimisə qorxutmur, kiməsə hədə-qorxu gəlmir.
- “Kəpəz” divizionda 6-cı sıradadır. Sizcə, komanda yeni mövsümdə Premyer Liqada oynamağa layiqdir?
- Əsas məqsədimiz yaxşı komanda formalaşdırmaq idi. Bundan əvvəl “Kəpəz” Premyer Liqada olanda heyətdə cəmi bir gəncəli olub. Ancaq bu gün heyətə baxın, nə qədər yerli futbolçu oynayır. Məndən sonra kim gələcək bilmirəm, amma heyətdə azı dörd-beş yerli futbolçuya şans verməlidir. Premyer Liqada komanda artımının olub-olmayacağını bilmirəm. Ancaq “Kəpəz” elitada olsa, heyətdə yerli futbolçulara şans verilməlidir. Bu dəqiqə komandanın üç-dörd futbolçusu var ki, Premyer Liqa səviyyəsindədir, onlara yaxşı təkliflər gəlir. Ad çəkmək istəmirəm. Yəni burda bizim də əməyimiz var ki, üzə çıxdılar, onlar haqda danışırlar. Premyer Liqa klublarının rəhbərləri də onlarla maraqlanır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin