Peres: “Biz UEFA-nın kuklası deyilik”
Yeni yaradılan Avropa Super Liqasının prezidenti Florentino Peres açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Peres, sözügedən tuniri yaratma səbəblərini açıqlayıb:
“Koronavirus pandemiyasına görə İngiltərənin, İspaniyanın, İtaliyanın böyük klubları ciddi maliyyə itkiləri yaşadılar. Təkcə “Real”ın virusa görə 400 milyon avroya yaxın zərəri olub. Bir şeylər etmək məcburiyyətində idik. Tək yol rəqabəti artıran oyunlar idi.
Bizi bu mövsüm Çempionlar Liqasından kənarlaşdıra bilməzlər. Öz liqalarımızdan da çıxarılmayacağıq. Futbolçuların milli komandalara buraxılmaması kimi bir ehtimal yoxdur. Bunları açıq şəkildə deyirəm.
UEFA Çempionlar Liqasının formatını dəyişib. Yeni format 2024-cü ildən tətbiq ediləcək. O vaxta qədər biz ölərik. Maliyyə durumlarımız yaxşı deyil. Gəlirlərimiz azalıb, artıq gənclər futbolla maraqlanmır. Futbolu ayağa qaldırmaq üçün bunu etməli idik. Biz UEFA-nın kuklası deyilik”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Super Liqanın prezidenti Florentino Peres (“Real”ın prezidenti), vitse-prezidenti Andrea Anyelli (“Yuventus”un prezidenti) ilə Coel Qleyzer (“Mançester Yunayted”in həmsədri) olacaq.
Bizi Facebook-da izləyin