“Traktor”dan “Paxtakor”la 6 qolluq heç-heçə
Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, B qrupunda mübarizə aparan Cənubi Azərbaycanın “Traktor” klubu da yeni mövsümdə ilk sınağına çıxıb.
Sözügedən komanda açılış matçında Özbəkistan təmsilçisi “Paxtakor”la qarşılaşıb. Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3.
Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. İkinci hissənin əvvəlində – 53-cü dəqiqədə “Traktor”un kapitanı Aşkan Dejagah penaltidən dəqiq yararlanıb. Bundan 3 dəqiqə sonra Məhəmməd Abbaszadə fərqi 2 topa çatdırıb. Amma “Traktor” üstünlüyünü qoruya bilməyib. 69-cu dəqiqədə “Paxtakor”un əsas qol silahı, vaxtilə Azərbaycanda “Simurq”da oynamış Draqan Çeran fərqi minimuma endirib. 75 və 82-ci dəqiqələrdə daha iki qol vuran Özbəkistan təmsilçisi hesabda önə də keçib. Amma qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış Məhəmməd Abbaszadə rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə Təbriz klubunu məğlubiyyətdən xilas edə bilib.
Qeyd edək ki, bu nəticədən sonra 1 xalı olan komandalar ilk iki pilləni bölüşürlər. Qrupun digər oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şərca” və İraqın “Əl-Kuvə” klubları üz-üzə gələcəklər.
Bizi Facebook-da izləyin