Rövnəq Abdullayev İJF prezidenti ilə görüşdü

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçirilir.

Komanda.az xəbər verir ki, dünyanın 93 ölkəsinin təmsilçilərinin iştirak etdiyi nüfuzlu yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Antalyada Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş keçirilib. Görüşdə Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə İJF rəhbərliyinə ətraflı məlumat verilib. Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Abdullayev idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq “Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti Bakıda ənənəvi “Böyük dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Görüşdə ACF və İJF arasında mövcud olan səmərəli əməkdaşlıq və pandemiya dövründə cüdonun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və cüdo idman növünün sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button