Klublar Komitəsinin iclasında narazılıq: AFFA-nın ayırdığı pul kimlərə xərclənir?
Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.
Komanda.az xəbər verir ki, iclasdan sonra komitənin sədri Riad Rəfiyev jurnalistlərə açıqlama verib. O bildirib ki, Elxan Məmmədov klublara ayrılmış vəsaitin uşaq futboluna deyil, legioner futbolçuların transferlərinə xərclənməsinə görə narazılığını dilə gətirib:
“Bu il AFFA tərəfindən klublara təxminən bir milyona yaxın vəsait ayrılıb. Bu məbləğ uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. Bu məbləğin hesabatı oldu, pulun hara xərcləndiyi ilə bağlı danışıldı. Klubların qış transfer dönəmində heyətlərinə xeyli sayda əcnəbi futbolçu cəlb etmələri narazılığa səbəb olub. İclasda bunun yaxşı hal olmadığı bildirildi”.
Rəfiyevin dediyinə görə, iclasda AFFA-nın cari mövsümün qalan hissəsi üçün klublara 50, növbəti mövsüm isə 100 “Nike” topu verəcəyi də qeyd olunub.
Bizi Facebook-da izləyin