“64 yaşda olmağıma baxmayaraq, gənclərin çoxundan daha sürətliyəm” – MÜSAHİBƏ

İdman sağlamlığın rəhnidir deyirlər. Bu ifadənin boş yerə deyilmədiyi çoxdan sübut olunub. Müsahibimiz Tapdıq Dadaşov da uzun illərdir müntəzəm olaraq idmanla məşğul olur. 64 yaşında, nəvə sahibi olmasına baxmayaraq, qaçışla məşğuldur. Tapdıq bəy yaşından çox daha gümrah və enerjili görünür. Təbii ki, onu belə gümrah, güclü göstərən daim idmanla məşğul olmasıdır. Komanda.az saytının qonağı olan müsahibimizlə söhbətdə gənclərə, hətta yaşlı insanlara da örnək ola biləcək maraqlı fikirlər eşitdik:

  • Hazırda hansı işlə məşğul olursuz?
  • Sumqayıtda peşə təhsilinə yiyələnmişəm. O şəhərdə üç il oxumuşam. Məzun olduqdan sonra həm attestat, həm də diploma yiyələnmişəm. Yaxşı oxumuşam. Tornaçı peşəsinə yiyələnmişəm. Təhsil aldığım müddətdə müntəzəm olaraq idmanla məşğul olmuşam. Həmin dövrdə çoxnövçülük idman populyar idi. Ona üzmək, sprint qaçmaq, kross qaçmaq, turnikdə dartınmaq və sair idman növləri daxi idi. Mən həmin idman növləri ilə məşğul olmuşam. Uğur qazananlar mükafatla təltif olunurdu. Mən də fərqlənən idmançılardan idim. 16 yaşımdan yüngül atletika ilə məşğul oluram. 25-26 yaşımdan sonra isə marafon qaçışına həddindən artıq həvəs göstərdim. Hərbi xidmətimi Macarıstanda keçirmişəm. Xidmət çox çətin idi, lakin mən idmanla məşğul olduğum üçün o qədər də çətinlik çəkmədim. Orada olanda mənə rütbə təklif etdilər, lakin qəbul etmədim. Çünki kimisə işlətməliydim. Belə şeyləri sevmirəm. Əsgərlikdən sonra bir az fasilə etdim. Daha sonra işləməyə başladım. Müşahidə etdim ki, işimdə də idmana ehtiyac duyuram. Müntəzəm olaraq yarışlarda iştirak etməyə başladım.
  • İdmandan uzaq qaldığınız vaxt olub?
  • Ailə qurduqdan sonra çətinliklər yaşadım. Həmin müddətdə idmandan uzaq qaldım. Nəhayət, 26 yaşımdan sonra qarşıma məqsəd qoydum ki, idmana davam etməliyəm. Heç nə üçün gec deyildi. İdmançıda müəyyən baza varsa, fasilə verib, sonra yenidən davam etsə, o, inkişaf edəcək. Bazası olmayan biri isə daha çox məşğul olmalıdır. Nailiyyətlərimə görə məni Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionuna dəvət etdilər. Məşqlərimi orada davam etdirdim. Ora ilə tanış oldum. Gördüm ki, idman klubu mövcuddur. Kişilərlə yanaşı, qadınlar da idmanla məşğul olurdular. Məni də kluba dəvət etdilər. Klub sədri qadın idi. O, idmanı çox sevirdi. Sovet dövründə Bakıda da çoxlu klublar fəaliyyət göstərirdi. Onlarla sıx əlaqələr qurduq, dostlaşdıq. Boks, güləş, cüdo zədə yarada biləcək idman növləridir. Qaçış isə elə deyil. Yüngül atletika ilə məşğul olan idmançıların əzələləri kobud olmur.
  • Qaçışın hansı növünə daha çox maraq göstərirsiz?
  • Yüngül atletikanın ən ağır növü marafon qaçışıdır. Növləri çoxdur. Ən ağırı isə marafon qaçışıdır. Onunla məşğul olanda beyin də işə düşməlidir. Sovet dönəmindən marafon qaçışı ilə məşğul oluram. Bəlkə də, çox sevdiyimdən belədir. Fikir verin, futbolçular, cüdoçular, güləşçilər karyeralarını tez bitirirlər. Məsələn, futbolda 35 yaşından sonra futbolçuların əksəriyyəti təqaüdə çıxır. Qaçışda isə elə deyil, üstünlükləri çoxdur. Mən marafon yarışlarında layiqli mübarizə aparıram. Nə büdrəyirəm, nə də su içirəm. Klubda bir qərar qəbul etmişdik: hər həftənin bazar günü Sumqayıtdan Rəsulzadə qəsəbəsinə qaçacaqdıq. İndi hər şey inkişaf edib artıb. Yol kənarlarında marketlərin sayı çoxalıb. O vaxt belə deyildi. Sumqayıtdan qaçanda Novxanı ərazisində olan quyunun hesabına su içə bilirdik. Sovet dövründə belə günlər yaşamışıq. Sovet hakimiyyəti dağıldıqdan sonra idmanda da fasilə oldu. Müstəqillik illərində Heydər Əliyev Fondunun keçirdiyi “Küləyə qalib gəl” marafonu sevincimizə səbəb oldu. 2017-ci ildə Gəncədə təşkil edilən marafonda iştirak etdim və çempion oldum. Finişə 100 metr qalmış səsucaldanları işə salıb, məni təbrik etdilər. Çox sayda marafon yarışlarında iştirak etmişəm. Yer məsələsi belə hallarda çox vacibdir. Dağlıq, düzənlik və s. ola bilər.
  • Futbol, basketbol kimi idman növləri də qaçış, sürət tələb edir. Siz nə üçün yalnız qaçışa üstünlük verdiz?
  • Yenə də təkrar edirəm: güləş, cüdo, futbol zədə yarada biləcək idman növləridir. Basketbol bir o qədər zədə yaratmır. Qaçışdan sonra basketbolu daha üstün tuturam. Basketbolçular futbolçulardan fərqli olaraq daha çox qaçırlar. Futbolda bir topa görə ayağını qurban verə bilərsən. Tanıdığım futbolçuların çoxunun ayağı zədəlidir. Qaçışda isə heç bir zədə almırsan. Əlbəttə, əzələdə müəyyən zədələr ola bilər. Sağalandır. Sağalmayan zədələr daha çox futbolda olur. Seçimə görə qaçışa üstünlük vermişəm. Bütün idman növlərinin şahı məhz qaçışdır. Hər bir idmançı mütəmadi olaraq qaçışla məşğul olur. Ofisdə çalışanlar, məktəb işçiləri və s. qapalı mühitdə işləyirlər. Hər gün 20 dəqiqə qaçmaq və ya təmiz havada gəzmək lazımdır. Qaçış hər şeyi tənzimləyir. Qaçış zamanı meydana gələn tər tamamilə fərqlidir. Tər “kislota”dan pisdir, paltarın rəngini ağardır. Bir az da yumadıqda çürümə baş verir. Qaçışdan sonra olan tərləmə sağlamlığa da müsbət təsir edir. İnsan daha çevik olur.
  • Futbolçular, eyni zamanda, basketbolçular meydanda sürətlə yanaşı, texnika da nümayiş etdirirlər. Bəlkə, sizi qorxudan texnika oldu?
  • Futbolda sürətlə 50 metr qaçdıqdan sonra topu komanda yoldaşına ötürürsən. Daha sonra dəqiqələrlə gözləyirsən. Basketbolda isə bir neçə saniyə dayanırsan. Mənim basketbolla məşğul olan bir tanışım var. İndi qaçışla da məşğul olur. Hazırda 42 yaşı var. Onu qaçışa mən həvəsləndirdim. Mən çox sayda insanı qaçışa həvəsləndirmişəm. Qaçışla məşğul olmaq istəyən insanların məşq prosesində onlara kömək oluram. Bir neçə məşqdən sonra özləri bildirir ki, qaçışla məşğul olmaq, həqiqətən, sağlamlığa yaxşı təsir edir. Artıq marafon qaçışı ilə də məşğul olanlar var.
  • İndiyə kimi ən uzaq hansı məsafəyə qaçmısız?
  • 1990-cı ildə idmançı yoldaşımızın 60 yaşı tamam olurdu. Onun şərəfinə 60 km-lik məsafəni qət etdim. Sumqayıtdan Rəsulzadə qəsəbəsinə qaçdım. Demək olar ki, dayanmadım. Sadəcə ora çatanda gördüm ki, idmançı dostlarım böyük qarpız kəsiblər. Onlar mənim də əyləşməyimi istədilər. Qəbul etmədim. Bir dilim qarpız yedim. Daha sonra geriyə – Sumqayıta qayıtdım. Gedəndə qaçdığım sürətdən 5 dəqiqə daha tez gəlib çatmışdım. Çox həvəsli idim. Bu, mənə daha çox güc verirdi.
  • Qaçdığınız zaman hansısa hadisələrlə, təhlükələrlə üz-üzə gəlmisiz?
  • Məşqlərin birində itlərin hücumuna məruz qalmışıq. Novxanı ərazisində çoban iti üstümüzə şığıdı. Sanki bizi parçalayacaqdı. Həmin vaxt yanımda Mamed kişi var idi. Mənim 28, onun isə 52 yaşı var idi. O, çox qorxdu. Mən isə heç nədən qorxmadım. Qaçmadım, əksinə onun üstünə doğru irəlilədim. Papağı itin ağzına saldım. İtin sahibi dedi ki, siz həmin an qorxub qaçsaydız, faciəli sonluq ola bilərdi. Sonra Mamed kişini sakitləşdirməyə çalışdım.
  • Sizə qoşulmaq, müəyyən ərazini sizinlə birlikdə qət etmək istəyən olubmu?
  • İnsanların gəzdiyi, toplaşdığı yerlərdə çox oluruq. Neqativ, dar düşüncəli insanlar çoxdur. Avtomobillə hərəkət edəndə müxtəlif fikirlər səsləndirirlər. Doğrudur, bu, çox nadir hallarda baş verir. Əvvəllər daha çox olurdu. Çünki idmana maraq göstərənlər, velosiped sürənlər çoxalıb. Klub olaraq kütləvi şəkildə məşq edəndə insanlar daha da həvəslənirlər. Bizə qoşulan insanların sayı da çox olur.
  • İnsanların reaksiyaları sizi narahat edir? Ümumiyyətlə, bu məsələdə hansı fikirlərlə qarşılaşmısız?
  • Xoşagəlməz hadisələr mənim də başıma çox gəlib. 13-14 yaşlı oğlan uşağı yoldan keçərkən məni təhqir edib. Elə olub ki, hirslənmişəm, hətta döymüşəm də. Qaçanda özünü sərbəst hiss etməlisən. Kimsə pis söz işlətdikdə adam əsəbiləşir. Əsəb isə gücə çevrilir. Uşaq olsa da, döydüyüm olub. Qulaqlarını çəkmişəm. O qədər ağır söyüşlərdən istifadə edirlər ki! Halbuki mən onun olduğu ərazidən nə qədər kənarda məşq edirdim. Söydükdən sonra sürətlə qaçan uşaqlar da olub. Amma mən onları da tutub döymüşəm. Axı mən sənə nə etmişəm? Baban yaşındayam sənin. 13-14 yaşlarında nəvəm var. Niyə söyürsən axı məni? Bəzən elə olur ki, söyüş söyən insanla üz-üzə gəlirsən. Həmin an kobra kimi cəld davranaraq, onu vururam.
  • Son illər paytaxt ərazisində marafonlar təşkil edilir. “Bakı Marafonu-2022”nin ən yaşlı iştirakçısı 83 yaşlı bir şəxs olub.
  • Tarverdi kişini çox gözəl tanıyıram. O, iştirak etdiyi yaş kateqoriyasında ən yaşlı idmançı olub. Onun 75 illik yubileyində iştirak etmişdim. Hətta Tarverdi kişinin şərəfinə qaçmışdım. Qaçışla məşğul olanlar bir-birini çox gözəl tanıyır. Millətindən asılı olmayaraq, bu, belədir.
  • Daha çox rahatlığa, idmandan kənar həyata üstünlük verən gənc nəslin nümayəndələrinə məsləhətiniz varmı?
  • Bizim kluba artıq çəkidən, piylənmədən əziyyət çəkən insanlar müraciət edir. Yaşlarına görə onların çəkiləri həddindən artıq çox olur. Piylənmə insana əzab verir. Müalicəsi isə əməliyyatla mümkündür. Lakin sonra çox çətinliklər olur. Ona görə də, qida rasionuna fikir vermək lazımdır. Mədəni balacalaşdırmaq lazımdır. Belə olduğu halda, istər-istəməz insan doyur. Biz idmançılar həmişə gənclərə örnək olmuşuq. İdmanla məşğul ola bilməyən insanlar da var. Elə olub ki, haqqımız tapdalanıb, mükafatlarımız əlimizdən alınıb. Lakin mən heç vaxt həvəsdən düşməmişəm. 64 yaşda olmağıma baxmayaraq, gənclərin çoxundan daha sürətliyəm. Çəkimi qoruyub saxlaya bilmişəm. Gecə dörd saat yuxu yatıram. Səhər saat 6-da oyanıb, 20 km kross qaçıram.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button