
“Yuventus” Vlahoviçlə bağlı mövqeyini dəyişib
“Yuventus” hücumçusu Duşan Vlahoviçlə yeni müqavilə danışıqlarını davam etdirir.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Serbiyalı futbolçunun Turin klubundakı gələcəyi ilə bağlı vəziyyət tamamilə dəyişib. Əvvəllər Vlahoviçi komandada saxlamaq üçün güzəştlərə gedən “Yuventus” artıq sərt mövqe tutur və forvard klubda qalmaq istəyirsə, rəhbərliyin şərtlərini qəbul etməlidir.
Tərəflər arasında danışıqlar iyunun 3-də dalana dirənib. Həmin vaxt Vlahoviç “Yuventus”un ona təklif etdiyi iki illik yeni müqavilədən imtina edib. Təklif olunan müqaviləyə əsasən, futbolçu mövsümə 7 milyon avrodan çox maaş alacaq, üstəlik, imza bonusu əldə edəcəkdi. Bu halda o, komandanın ən çox qazanan futbolçusuna çevriləcəkdi.
İddiaya görə, Vlahoviç Avropanın aparıcı klublarından daha sərfəli təkliflər alacağına inanırdı. Ancaq onun gözləntiləri doğrulmayıb. Avropanın Top-5 liqalarının aparıcı klublarından konkret təklif gəlmədiyini görən hücumçu, yenidən “Yuventus”la danışıqlara qayıtmaq istəsə də, bu dəfə klubun sərt mövqeyi ilə üzləşib.
Turin təmsilçisi artıq Vlahoviçə imza bonusu verməyi planlaşdırmır. Bundan əlavə, klub serb forvarda illik cəmi 6 milyon avro maaş təklif etməyə hazırdır. Bu isə komandanın gənc oyunçusu Kənan Yıldızın qazancından da aşağıdır.
Bizi Facebook-da izləyin



