Super Liqa klubundan son gündə 3 transfer

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi transfer pəncərəsinin son günündə Marsio Mossoro, Stefano Napoleoni və Atınç Nukanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mossoro və Napoleoni digər Super Liqa təmsilçisi “Başakşəhər”dən gəlib. Onların hər ikisi İstanbul təmsilçisindən ayrıldığına görə, “Göztəpə”yə azad agent kimi keçiblər. Hər iki futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Braziliyalı Mossoro “Başakşəhər”də 2014-cü ildən çıxış edirdi. 36 yaşlı yarımmüdafiəçi bu komandada 150-si Super Liqa olmaqla, bütövlükdə 176 oyun keçirib. Marsio daha öncə “Paulista”, “İnter”, “Maritimo”, “Braqa” və “Əl-Əhli” kimi klublarda da oynayb.

İtaliyalı Stefano isə 2016-cı ildən “Başakşəhər”də çıxış edirdi. 33 yaşlı hücumçu daha öncə “Vidzev”, “Levadiakos” və “Atromitos” klublarının da uğurları üçün çalışıb.

Atınç Nukan isə Almaniyanın “Leyptsiq” klubundan gəlib. Onunla da azad agent kimi 1+1 illik müqavilə imzalanıb. Peşəkar futbolçu karyerasına 2010-cu ildə “Beşiktaş”da başlayan 26 yaşlı mərkəz müdafiəçisi, bir müddət “Dardanelspor”da icarədə də oynayb. 2015-ci ildən isə “Leyptsiq”də çıxış edirdi. “Beşiktaş” 2016-2018-ci illər aralığında onu Bundesliqa klubundan icarəyə götürsə də, yenə çox forma şansı qazana bilməyib. Nukan bir dəfə Türkiyənin əsas millisində də oyun keçirib.

“Göztəpə” heyətindəki futbolçulardan Fausto Qrillo ilə də yollarını ayırdığını açıqlayıb. 26 yaşlı müdafiəçi 2018-ci ildə “Veles Sarsfild”dən transfer olunmuşdu. Amma son mövsümdə çox forma şansı qazana bilməyən argentinalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button