“Çində qazandığım maaşa bir dəfə də olsun toxunmadım”

Braziliya millisinin və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Oskar Çində çıxış etdiyi dövrdə qazandığı gəlirləri necə idarə etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşında karyerasını başa vuran futbolçu, “Şanxay Port”da (Çin) keçirdiyi yeddi il ərzində əsas maaşına ümumiyyətlə toxunmadığını və ailəsi ilə birlikdə yalnız oyunlara görə verilən bonuslar hesabına yaşadığını bildirib:

“Bütün maaşımı ayrıca hesaba köçürürdüm və ona bir dəfə də olsun toxunmadım. Ailəmlə birlikdə yalnız matç bonusları hesabına yaşayırdıq, çünki həmin bonuslar onsuz da çox böyük idi”.

Oskar 2017-ci ildə “Çelsi”dən “Şanxay Port”a London klubunun tarixi üçün rekord sayılan 60 milyon funt-sterlinq (təxminən 70 milyon avro) qarşılığında transfer olunmuşdu. Braziliyalı sabiq futbolçunun vergilər çıxıldıqdan sonra illik maaşı təxminən 20 milyon funt-sterlinq (təxminən 23 milyon avro) təşkil edib. Onun yeddi il ərzində ümumi qazancının isə 150 milyon funt-sterlinqə (təxminən 175 milyon avro) çatdığı bildirilir.

Oskar Çin klubunun heyətində 248 oyuna çıxıb, 77 qol vurub və 142 məhsuldar ötürmə verib. O, “Şanxay Port”la üç dəfə ölkə çempionu olub, həmçinin, Çin kubokunu qazanıb.

Keçmiş yarımmüdafiəçi 2024-cü ildə doğma “San-Paulu”ya qayıdıb, 2025-ci ildə isə 34 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button