Santuş: “Milliyə 55 oyunçu çağıra bilmərik ki”

Azərbaycan millisi iyunun 7-də və 10-da müvafiq olaraq səfərdə Latviya, evdə isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Komanda.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun qarşıdakı oyunlarla bağlı mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis gözləntilərin həmişə qələbə qazanmaq olduğunu bildirib:

“Gözləntilər həmişə qələbə qazanmaqdır. Sadəcə, yaxşı hazırlaşıb, yaxşı məşq etmək lazımdır. Kimləri istəyirdim ki, dəvət edim, onları da etmişəm. Amma bəzi futbolçular var ki, zədəli olduqlarına görə çağıra bilmədim. Bunlar Amin Seydiyev, Coşqun Diniyevdir. Hansı ki, bu futbolçuları çağırmaq istəyirdim, amma zədə səbəbindən dəvət edə bilmədim. Bundan əvvəlki təlİm-məşq toplanışına Ramil Şeydayevlə Ozan Can Kökçü də dəvət almışdı. Amma onlar son oyunlarda klublarında mütəmadi çıxış etmirlər. Və təbii ki, belə olan halda yaxşı formada olmurlar.

Bundan öncəki konfranslarda da demişəm, bu, uzun bir yoldur. Bir çox oyunçular artıq bizimlə birgə məşq ediblər. Uğuru bu yolda axtarmalıyıq. “Qarabağ”ın səviyyəsini bilirik, Avropadakı çıxışlarını görmüşük. Amma ölkə çempionatının ümumi səviyyəsinə baxanda, 10 ballıq sistemlə 5 bal verərdim.

Ümumi götürəndə, təlim-məşq toplanışına 25-ə qədər futbolçu dəvət edə bilərik. 55 oyunçu çağıra bilmərik ki. Yenə deyirəm, hər mövqeyə ən yaxşıları çağırmışıq. Biri var klubunda ən azından 10-15 dəqiqə çıxış edəsən, biri də var ki, ardıcıl iştirak ərizəsinə düşmürsən. Söhbət milli komandadan gedirsə, oyunçular klublarında mütəmadi oynamalıdırlar. Hər oyun vacibdir. Yenə deyirəm, milliyə dəvət olan oyunçular davamlı oynamalıdırlar. Hər hər komandada, hər klubda baş məşqçi qərar verir ki, kim oynasın, kim qalsın. Mən də istəyərəm ki, daha çox azərbaycanlı futbolçu oynasın. Gözləyək, gələn mövsüm necə olacaq. Premyer Liqaya iki yeni komanda gəlir. Klublarda gərək rəqabət olsun. Ayın 27-dən təlim-məşq toplanışına başlayırıq. Mövsümün başa çatması, oyunçuların tətilə yollanması ümid edirəm ki, motivasiyalarına pis təsir etməz. Sənin milli ruhun varsa, ora yüksək motivasiya ilə getməlisən”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button