“Qarabağ” üçün Avropa Liqasında tarixi şans

“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasının final mərhələsində iştirak edə bilər.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın dünən Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub etməsindən sonra qrupdan çıxmaq üçün böyük şansı yaranıb. Qurban Qurbanovun komandası hazırda 6 xalla G qrupunda ikinci yerdə qərarlaşıb. 3 xalı olan Fransa “Nant”ı 3-cü, “Olimpiakos” isə 0 xalla sonuncudur. Qrupa 9 xal toplayan Almaniya “Frayburq”u başçılıq edir.

“Qarabağ” təkcə oynadığı futbola, qazandığı nəticələrə görə deyil, qrup mərhələsinin təqviminin yaratdığı üstünlüyə görə də yaxşı şansa sahibdir.

Ağdam təmsilçisinin qrup mərhələsi çərçivəsində qarşıda 3 oyunu qalıb ki, bu matçlardan ikisi Bakıda keçiriləcək. Bu oyunlardan birincisi Bakıda “Olimpiakos”a qarşı olacaq. “Köhlən atlar” doğma publika önündə yunanları daha bir dəfə məğlub etməklə, növbəti mərhələnin qapısını aça bilər. Bunun üçün “Nant”ın da öz meydanında keçirəcəyi oyunda “Frayburq”a uduzması, ən pis halda heç-heçə etməsi lazımdır. Məsələ burasındadır ki, “Olimpiakos”la görüşdən sonra “Qarabağ”ı Fransaya səfər gözləyir. Düzdür, Qurban Qurbanovun komandası Bakıdakı matçda fransızları böyük hesabla (3:0) məğlub edib. Amma “Nant”ın sonuncudan əvvəlki turda növbəti mərhələyə vəsiqə üçün yaxşı şansı olsa, onlar bundan maksimum istifadə etməyə çalışacaq.

Son turda isə “Qarabağ” doğma meydanda qrup lideri “Frayburq”u qəbul edəcək, “Nant” “Olimpiakos”la səfər oyununa yollanacaq.

Bir sözlə, indi “Qarabağ” üçün “Nant” kimi qalan oyunların hamısında qələbə qazanmaq vacib deyil. Ağdam komandası “Olimpiakos”u bir daha məğlub edib, “Nant”dan səfərdə xal alsa, növbəti mərhələyə vəsiqə işini həll etmiş olacaq. “Frayburq”a isə sadəcə Almaniyadakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək olar.

Avropa Liqasında “Qarabağ”ın qalan oyunları

4-cü tur

13 oktyabr
20:45. Qarabağ – Olimpiakos

5-ci tur

27 oktyabr
23:00. Nant – Qarabağ

6-cı tur

3 noyabr
20:45. Qarabağ – Frayburq

Turnir cədvəlində vəziyyət:

  1. Frayburq – 9 xal
  2. Qarabağ – 6 xal
  3. Nant – 3 xal
  4. Olimpiakos – 0 xal
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button