Premyer Liqanın yeni klubundan daha 3 transfer

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kristal Pelas”dan Şeyxu Kuyateni, “Uotford”dan Emmanuel Dennisi, “Atalanta”dan isə Remo Froyleri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Kristal Pelas”dan azad agent kimi ayrılmış Şeyxu Kuyate ilə 2 illik müqavilə imzalanıb. Emmanuel Dennisin transferi “Nottingem Forest”ə 14.8 milyon avroya başa gəlib. Nigeriyadan olan 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Remo Froylerə görə isə “Atalanta”ya 9 milyon avro ödənilib. İsveçrədən olan yarımmüdafiəçi ilə müqavilənin müddəti açıqlanmayıb.

Şeyxu Kuyate peşəkar karyerasına “RWDM Brussels” klubunda başlayıb. O, Belçikada “Anderlext” və “Kortreyk”in də formasını geyinib. Yarımmüdafiəçi 2014-2018-ci illər aralığında “Vest Hem”də forma geyinib. O, “Kristal Pelas”a da 2018-ci ildə məhz “Vest Hem”dən gəlmişdi. 32 yaşlı futbolçu “Kristal Pelas”da 4 mövsüm ərzində 141 matça çıxıb, 3 qol vurub. Kuyate Seneqal yığmasında 82 matç keçirib, 4 qola imza atıb.

Emmanuel Dennis peşəkar karyerasına 2016-cı ildə Ukraynanın “Zarya” klubunda başlayıb. 24 yaşlı hücumçu 2017-ci ildə “Brügge”yə transfer olunub. O, bu klubda çıxış edərkən, 2021-ci ilin ilk yarısında Almaniyanın “Köln” komandasında icarədə də olub. 2021-ci ilin iyununda isə nigeriyalı hücumçu “Uotford”la 5 illik müqavilə bağlamışdı. Dennis burada 37 oyun keçirib, 10 qol vurub. O, Nigeriya millisində 7 oyuna çıxıb, 1 qola imza atıb.

Remo Froyler isə 2016-cı ildən “Atalanta”da çıxış edirdi. 30 yaşlı yarımmüdafiəçi A Seriyası təmsilçisində keçirdiyi 6 mövsüm ərzində bütövlükdə 260 matça çıxıb və 21 qol vurub. O, daha öncə öz ölkəsində “Vintertur”, “Qrasshopper” və “Lutsern”də forma geyinib. Təcrübəli yarımmüdafiəçi İsveçrə yığmasında da 46 oyuna çıxıb, 4 qol vurub.

“Nottingem Forest” öz oyunçularından Xande Silva, Nuno da Kosta və Co Lolli ilə də yollarını ayırıb. Xande Silva Fransanın “Dijon” klubuna keçib. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Portuqaliyalı yarımmüdafiəçi 2021-ci ilin avqustundan “Nottingem Forest”də çıxış edirdi. O, bu komandada cəmi 10 oyun keçirib.

Nuno da Kosta da Fransanın digər klubu “Oser”ə keçib. 31 yaşlı hücumçu bu klubla 2+1 illik müqavilə bağlayıb. Kabo Verdedən olan hücumçu 2020-ci ilin yanvarından formasını geyindiyi “Nottingem Forest”də cəmi 14 oyuna çıxsa da, qol vura bilməyib. O, bu müddətdə “Muskron” və “Kan”a icarəyə də verilib.

Co Lolli isə Avstraliyanın “Sidney” komandasına transfer olunub. İngiltərədən olan yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 29 yaşlı vinger 2018-ci ildən formasını geyindiyi “Nottingem Forest”də 169 oyuna 26 qol vurub.

Premyer Liqanın yeni iştirakçısı üç oyunçusunu da icarəyə verib. Paraqvaydan olan 22 yaşlı yarımmüdafiəçi Brayan Oxeda ABŞ-ın “Real Solt Leyk Siti”, Kanadadan olan 27 yaşlı sağ cinah müdafəçisi Riçi Lareya isə “Toronto” klubuna icarəyə göndərilib. Şotlandiyadan olan 21 yaşlı qapıçı Niki Hoqart da qarşıdakı mövsümü öz ölkəsində – “Folkirk” komandasında icarədə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button