“Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir” – Tahir Gözəl
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Norveç təmsilçisi “Molde”ni qəbul etməli olsa da, qarşı tərəf COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyun qaçırır.
Komanda.az xəbər verir ki, “Molde”nin ölkəyə qayıtdığı zamanı dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumunu əsas gətirərək, ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb. “Qarabağ”ın prezidenti Tahir Gözəl baş verən hadisəni klubun saytına dəyərləndirib:
“Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə “Qarabağ” tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdir. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.
Bizi Facebook-da izləyin