“AFFA rəhbərliyindəki şəxs əmimdir” deyib, türk məşqçinin başına oyun açdı
2012-2013-cü illərdə Tovuzun “Turan” klubunda forma geyinmiş, Fransada yaşayan türk əsilli keçmiş futbolçu Endər Günlü azərbaycanlı Bəhruz Həsənov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
Komanda.az xəbər verir ki, hazırda İsveçrədə “Servette” klubunun U-15 komandasında məşqçi işləyən Günlü verdiyi müsahibədə Həsənovun onu “Turan”da oynadığı dövrlərdən tanıdığını deyib:
- Bəhruz Həsənov sizinlə necə əlaqə qurdu və münasibətləriniz necə idi?
- Bəhruz Həsənovu çoxdan idi görmürdüm. Sadəcə “instagram”da salam-sağ ol edirdik, şəkillərimizi bəyənirdik. Əslində o özü mənə demişdi ki, səni “Turan”da oynadığın dövrlərdən tanıyıram. Amma mən onu yaxşı tanımırdım.
- Sizdən pulu necə tələb etdi?
- Bir gün mənə dedi ki, sən niyə UEFA-nın A kateqoriyalı məşqçi diplomunu almırsan. Hazırda mənim B kateqoriyalı diplomum var. Mən isə “İsveçrədə bu diplomu almaq çox çətindir. Bunun üçün ya Türkiyəyə, ya da Fransaya gedəcəm” söylədim. Bundan sonra Bəhruz mənə Azərbaycandan almağı təklif etdi. Hətta dedi ki, AFFA-nın rəhbərliyindəki şəxs onun əmisidir və bu barədə mənə çox rahat şəkildə kömək edəcək. Özünün isə “Sabah” klubunda məşqçi olduğunu dedi. Hər gün məmimlə danışırdı, məni razı salmışdı ki, Azərbaycanda bu kurslara yazılıb, diplom almaq daha asandır. Mən də ona inanmışdım. Bir dəfə pasportumun şəkilini çəkib atmağı, sonra iki ədəd vəsiqəlik fotomu, daha sonra isə 200 avro göndərməyimi istədi. Bundan sonra bir az şübhələndim. Amma sonradan mənə narahat olmamağım gərəkdiyini bildirdi. Bir müddət sonra başqa sənədlər istədi. Hər gün də “qardaş, narahat olma. Əmim arxamızdadır, o bizə deyib işinizdə olun” tipli fikirlər deyirdi.
- Ona neçə dəfə pul göndərdiz?
- Yenidən 200 avro da göndərməyimi istədi. Bildirdi ki, bununla da iş tamam olacaq. Hətta ona söylədim ki, əgər alınmırsa, vaxt itirməyim. Bəhruz da mənə təkrar narahat olmamağımı və sənədlərimin hazırlandığını söylədi. Bundan sonra ona 200 avro göndərdim. O gündən etibarən, bu gün-sabah gəlib A kateqoriyalı diplomunu götürəcəksən deyib mənim həm vaxtımı, həm də pulumu aldı.
- AFFA ilə əlaqə saxladız?
- Yox. Amma AFFA-nın rəsmi saytına daxil oldum. Gördüm ki, UEFA-nın məşqçi kurslarına start verilib. Bəhruza zəng edib dedim ki, bəs kurslar başlayıb. Yenə mənə narahat olmamağımı söylədi. Rəhbər postda olan əmisinin kömək edəcəyini, sənədlərinin hamıdan öncə hazır olacağını dedi.
- Ondan pulunuzu tələb etmədiz?
- Bir müddət sonra dələduzluğa məruz qaldığımı anladım və hər gün pulun geri qaytarılmasını tələb etdim. Ancaq o da hər dəfə bir bəhanə gətirdi. Gah “Sabah” klubun məşqində olduğunu və danışa bilmədiyini, gah da AFFA-da mənim işimlə bağlı danışıqlar apardığını söylədi. Bir dəfə də anasının ürəyindən əməliyyat olunduğunu deyib telefonda ağlayırdı . Sonradan isə evlənmək üzərə olduğunu kredit götürüb, pulumu qaytaracağını deyib vaxt itirməyə başladı. Oktyabr ayından bu günə qədər bir bəhanə ilə məni aldatdı. Sonra ona lazımı qurumlara müraciət edəcəyimi, mətbuatda işıqlandıracağımı dedim. Bəhruz da onunla əlaqə qura bilməməyim üçün sosial şəbəkələrdə məni blokladı və telefonlarıma cavab vermədi.
- Bəhruzun sizə qarşı etdiyi bu hərəkətdən sonra AFFA-ya müraciət etməyi düşünürsüz?
- Düzdür, bu pul elə bir böyük bir məbləğ deyil. Hazırda o pulu qazana biləcəyim bir yerdə çalışıram. Amma mən qardaş Azərbaycanın adının bu tipli dələduzluqlarda hallanmasını istəmirəm. Həmçinin mənim başıma gələnin başqa şəxslərin də başına gələ biləcəyini düşündüm. AFFA-ya da bu barədə müraciət edəcəm. Adam “Sabah” klubunun, AFFA-nın və PFL-in adlarını hallandıraraq dələduzluq edir. Sonradan öyrəndim ki, o heç “Sabah” klubunda da çalışmır. Bir neçə il öncə “Neftçi”nin akademiyasında işləyib (Unikal.org).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin